Xəzərin suyundan içməli su kimi istifadə oluna bilər - Nazirlik

 14:04 17.06.2022     749

Dünyanın hər bir yerində, o cümlədən Azərbaycanda da əhalinin içməli suya olan tələbatı artır. Bu günlərdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin içməli suya olan tələbatını ödəmək üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi ilə bağlı tapşırıq verib. Azərbaycanda isə su təmizləyici zavod artıq 10 ildir ki, var.  Bəs bu zavod Xəzərin suyunu içməli hala gətirəcək gücə malikdirmi? Gələcəkdə Bakı şəhəri də daxil olmaqla Xəzər sahilində yerləşən yaşayış məntəqələri şirinləşdirilmiş dəniz suyundan içməli su kimi istifadə edə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə bildirdi ki, hələ 10 il bundan əvvəl dövlət başçısının tapşırığına əsasən gələcəkdə yarana biləcək su qıtlığının qarşısını effektiv almaq üçün yeni yanaşma və texnologiyaların tətbiqi ilə Salyan rayonu Xıdırlı kəndində pilot layihə kimi Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu tikilib.

Onun sözlərinə görə, bu zavod gündə 2 min kub metr suyu içməli su səviyyəsinə qədər təmizləmə gücünə malikdir.

“Lakin hal-hazırda içməli su kimi yox, suvarma suyu səviyyəsinə qədər təmizlənərək, o ərazilərdə salınmış yaşıllıq sahələrinin damcı suvarma sistemi ilə suvarılmasında istifadə olunur”.

Bakı şəhərinin və digər yaşayış məntəqələrinin içməli su ilə təminatına gəlincə, nazirlik rəsmisi bildirdi ki, alternativ olaraq Xəzər dənizinin suyunun duzsuzlaşdırılması variantı üzərində də işlənilir.

“Bu məsələlər də nəzərdən keçirilir. Sözsüz ki, ehtiyac olarsa, gələcəkdə bu metoddan istifadə oluna bilər”, - deyə Rasim Səttarzadə bildirdi.

Fəridə

Vumart və Güvən reklamı Vumart Güvən