"Ukraynalı generallar "palatka toyunda" yeyib-içəndə Rusiya onları "məhv edib""

 10:28 21.06.2022     623

"Özüm ixtisasca sırf hərbi-siyasi jurnalistika təhsili alsam da, biz peşəkarların dönəmində keçmiş SSRİ-dən bu yana son dönəmlərə qədər hərbi mətbuatda İqor Konaşenkov adda şəxsi tanımamışdıq. Artıq tanıyırıq və sadəcə buna çox acıyırıq. General rütbəsində olasan, səni rəislərin o qədər alçaldalar, sən də şəlpə qulaqlarını sallıyıb, mal kimi gözlərini döyə-döyə o qədər yalanlar, dezolar danışasan ki, adamın ürəyi bulanır. Mən başa düşürəm ki, müharibə aparan ölkənin öz informasiya müharibəsi deyilən uslubu, metodu olur. Daha bu qədər də yox. Prezidenti yalançı, xarici işlər naziri super yalançı, müdafiə naziri hiper yalançı, təhlükəsizlik katibi meqa yalançı. Daha kim qaldı?!"

Redaktor.az xəbər verir ki, bunları hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, general-mayor İqor Konaşenkovun Ukrayna qoşunlarının komanda məntəqəsində 50-dən çox general və zabitin öldürülməsi barədə açıqlamasına münasibət bildirərkən deyib.

"Bu gün durub bu bədbəxt general deyir ki, Rusiya ordusu - əgər ona hələ də ordu demək olursa, - 50 nəfər Ukrayna generalını və polkovnikini öldürüb. Adam az qala desin, bərəkallah sənə İqor, 116 günə ümumilikdə 5 general öldürə bilməyən Rusiya başkəsənləri, necə oldu ki, təkcə 1-cə günün içində, özü də Dnepropetrovskda birdən-birə 50 ukraynalı generalı və polkovniki məhv elədilər?! Mən elə başa düşdüm ki, bazar günü ukraynalı generallar və polkovniklər "palatka toyunda" yeyib-içəndə Rusiya onları "məhv edib". Yalanına bir qoyun kəssinlər sənin, ay yalançı, gopçu general... Səndən fərqli olaraq Ukrayna ordusu indiyə kimi 13 general və admirallarınızın adını və soyadını, hətta onların harda torpağa gömüldüklərini də göstəriblər də, sübut da ediblər. Siz isə hələ də 116 gündür ki, başqa bir suveren dövlətin ərazilərinə yaramazcasına soxulmusunuz, saysız-hesabsız dağıntılar törətmisiniz və bu vəhşiliklərinizi hələ də davam etdirisiniz, adını da qoymusunuz "xüsusi əməliyyat", hələ də yalanlarınızdan əl çəkmirsiniz. Yazıqlar olsun sizin zehniyyatınıza", - deyə polkovnik generala irad tutub.

T.İSMAYIL