Tədris ili sentyabrın 1-dən başlamalıdır - Deputat Ceyhun Məmmədov

 15:15 21.06.2022     9804

Xəbər verdiyimiz kimi, ötən gün deputat Fazil Mustafa Azərbaycanda tədris ilinin sentyabrın 1-dən başlayıb, mayın sonuna kimi davam etməsi ilə bağlı təklif irəli sürüb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov da bildirdi ki, dərs ilinin sentyabrın birindən başlaması daha uyğundur:

“Mən də Fazil Mustafanın fikirləri ilə razıyam. Burada mərkəzi icra hakimiyyətinin rəyi nəzərə alınmalıdır. Havanın istiləşməsini, insanların yanaşmasını nəzərə alaraq tədrisin sentyabrın 1-i başlayıb, mayın sonunda bitməsi daha uyğun variantdır”.

Deputat onu da qeyd etdi ki, Təhsil Nazirliyinin də yanaşması nəzərə alınmalıdır:

“Burada proqramların hazırlanması, bu sistemə uyğunlaşdırılması, tədris ili ilə bağlı müvafiq təlimatların verilməsi prosesi var. Bunları diqqətə alaraq belə bir məsələnin olması məqsədəuyğundur".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bildirdi ki, bu mövzuya münasibət bildirə bilməyəcək:

“Bununla bağlı indiki halda mənim heç bir şərhim yoxdur. Bu qərarı daha yüksək qurumlar verə bilər”.

Xatırladaq ki, hazırda ölkəmizdə tədris ili sentyabrın 15-dən iyunun 15-dək davam edir. 

Nərmin Vüqarqızı