DİM-dən Emin Əmrullayevin etirazına CAVAB

 16:54 21.06.2022     775

Xəbər verdiyimiz kimi, təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) şagirdlər arasında oxuyub-yazmaqda çətinlik çəkənlərlə bağlı yaydığı statistikaya münasibət bildirib. 

Nazirin sözlərinə görə, bəzi hallarda statistika aldadıcı olur: "Məsələn, Bakı məktəblərindən birinin heç bir məzununun ali məktəbə qəbul olmadığı bildirilmişdi. Halbuki həmin məktəb yəhudi icmasına məxsusdur və bu ümumtəhsil müəssisəsinin məzunları Azərbaycanda ali təhsil almırlar. Belədə həmin məktəbdən heç birin məzunun universitetə qəbul olmadığı statistik olaraq doğrudur”.

E.Əmrullayev bildirib ki, DİM sual kitabçasını boş qaytaran şagirdləri də oxuyub-yaza bilməyən kimi təqdim edir:

"Məsələn, əqli qüsurlu şagird xüsusi təhsil müəssisəsində təhsil almalıdır. Ancaq kiçik kəndlərdə belə bir məktəb yoxdur. Nəticədə əqli qüsurlu şagird digərləri ilə eyni məktəbə gedir. Bundan başqa, şagird uzun müddət təhsildən yayınır və yalnız attestat almaq üçün imtahana gəlir. Ona görə də belə nəticə ortaya çıxır. Əslində, yekun rəqəm məzunların bütün göstəricilərini nəzərə aldıqda elə də böyük say deyil. Hər halda məzunlarımızın bu gün narahatlıq doğuracaq şəkildə oxuyub-yazmaq probleminin olduğunu düşünmürəm. Çünki statistika bunu demir. Sadəcə, statistika bilmədən şişirdilir”.

Emin Əmrullayevin bu açıqlamasına DİM-in mövqeyini öyrənməyə çalışdıq.

Mərkəzin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə Redaktor.az-ın sorğusuna cavab olaraq bildirdi ki, "Abituriyent" jurnalının 12 saylı buraxılışında statistik məlumatlar qeyd olunub.

“Buraxılış və qəbul imtahanları başa çatdıqdan sonra həmin imtahanların elmi-statistik təhlili aparılır. Daha sonra həm məktəb.edu.az saytına, həm də "Abituriyent" jurnalının 12 saylı buraxılışında həmin statistika dərc edilir”, - deyə DİM sözçüsü bildirib.

Qeyd edək ki, DİM-in yaydığı məlumata görə, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar aşkarlanıb. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir.

Nərmin Vüqarqızı