"Koronavirusla mübarizə aparan bütün infrastruktur hazır vəziyyətdədir" - Təyyar Eyvazov

 18:51 21.06.2022     680

Son günlər bir sıra dünya ölkələrində koronavirusa (COVİD-19) yoluxma halı artmaqdadır. Hətta İsrail hökuməti ölkədə koronovirusun 7-ci dalğasının başladığını elan edib.

Bəs, Azərbaycanda da yoluxma sayında artım baş verə, COVİD-in yeni dalğası başlana bilərmi?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov Redaktor.az-a açıqlamasında bildirdi ki, koronavirus pandemiyası davam etməkdədir:

“Periodik olaraq dalğalanmanı görürük. Yoluxma hallarının azalmasına səbəb əldə olunan kollektiv immunitetdir, yəni istər xəstələnərək, istərsə də peyvənd olunaraq infeksiyaya qarşı müəyyən zaman çərçivəsində əldə etdiyimiz qoruyuculuqdur. Lakin bu qoruyuculuq vaxt ötdükcə zəifləyir. Digər tərəfdən isə virus mutasiyaya uğrayır və əvvəlki immunitetdən bu və ya digər dərəcədə yayına bilir”.

İsrail və digər dünya ölkələrində koronovirusun yeni dalğasının başlanmasına gəlincə, ekspert bildirdi ki, növbəti dalğalanma məhz Omikron ştamının yeni növləri hesabına baş verir. T.Eyvazovun sözlərinə görə, Azərbaycan qlobal dünyanın bir hissəsi kimi bu cür risklərdən sığortalanmayıb.

“Hazırda ölkəmizdə epidemioloji durum qənaətbəxşdir. O cümlədən hələ ki,  bizi əhatə edən ökələrdə də eyni vəziyyət müşahidə edilir. Ölkənin səhiyyə qurumları vəziyyəti diqqətlə izləyirlər. Koronavirusla mübarizə aparan bütün infrastruktur (tibb müəssisələri, personal  və s.) hazır vəziyyətdədir.

Hesab edirik ki, ölkəmizdə yeni dalğalanma baş verərsə belə, əvvəlki kimi məhdudiyyətlərə ehtiyac olmayacaq. Düşünmək olar ki, qəbul olunacaq qərarlar, məsələn, bağlı məkanlarda maskanın istifadəsi, sosial məsafənin gözlənilməsi və s. yalnız tövsiyə xarakterli olacaqdır. Payız aylarında, xüsusən havaların soyuması ilə əlaqədar həm karonavirus, həm də digər respirator virus infeksiyalarının artımı gözləniləndir. Bunları nəzərə alaraq əhalinin, xüsusən də risk qruplarına daxil olan insanların həm koronavirusa, həm də qrip infeksiyasına qarşı peyvənd olunması arzuolunandır”, - deyə infeksionist qeyd etdi.

Nərmin Vüqarqızı