MEDİA rəhbəri Özbəkistanda Anlaşma Memorandumu imzaladı

 11:45 22.06.2022     308

Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. 

Redaktor.az İqtisadiyyat Nazirliyinə istinadla xəbər verir ki, biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb.

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə Özbəkistan Respublikasının Ədliyyə Nazirliyi arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində Memorandum”u agentliyin İdarə Heyətinin sədri Kamran İmanov və Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov, “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında 2022-ci il üçün turizm sahəsi üzrə əməkdaşlıq Proqramı”nı Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Özbəkistanın turizm və mədəni irs nazirinin müavini Baxtiyor İbrahimov, “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu”nu ölkəmizin energetika naziri Pərviz Şahbazov və Özbəkistanın energetika nazirinin birinci müavini Azim Ahmedxacayev imzalayıblar.

Həmçinin “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Özbəkistan Respublikasının “Özarxiv” Agentliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş”i Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Özbəkistanın “Özarxiv” Agentliyinin sədri Uluqbek Yusubov, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO” ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Özbəkistanın İxracın Təşviqi Agentliyinin direktoru Uluqbek Muradov, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu agentliyin rəhbəri Yusif Abdullayev və Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Davron Vahabov, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu AZPROMO-nun rəhbəri Yusif Abdullayev və Agentliyin direktoru Uluqbek Kasimxocayev imzalayıblar.