Quru sərhədlər mərhələli şəkildə açılmalıdır – Deputat

Azərbaycanın quru sərhədlərinin hələ də bağlı olması bu gün ölkə mediasında ən çox müzakirə edilən mövzulardan biridir. Hər ayın sonu və yeni ayın başlanğıcı yaxınlaşdıqca ölkənin quru sərhədlərinin açılacağına dair söz-söhbətlər, müzakirələr artır.
Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah pandemiya ilə bağlı bir məhdudiyyətlərin böyük əksəriyyətini ləğv etsə də, nədənsə quru sərhədlərinin açılması barədə qərar vermir.
Redaktor.az məsələ ilə bağlı Mili Məclisin deputatı Vüqar Bayramovun mövqeyini öyrənib.
Millət vəkili hesab edir ki, Azərbaycanın qonşu ölkələrlə quru sərhədləri açılmalıdır:
“Quru sərhədlərin açılması ilə bağlı bir müddət öncə təkliflər təqdim etmişdik. Xüsusən turizm dövrünün başladığını nəzərə alsaq, sərhədlərin açılması istiqamətində addımların atılması məqsədəuyğun olardı. Quru sərhədlərinin açılmasının mərhələli şəkildə reallaşdırılması üçün təkliflər irəli sürmüşük”.
V.Bayramov bildirdi ki, bir sıra ölkələrdə yenidən qapanma ilə bağlı qərarlar verilir, amma bütövlükdə regiondakı vəziyyət stabil hesab olunur. Buna görə də, ölkədəki və regiondakı epidemioloji durum nəzərə alınaraq qərar verilməlidir:
“Operativ Qərargahın qərarından asılı olaraq bununla bağlı addımlar atılacaq, amma biz epidemioloji şərtlər çərçivəsində mərhələli şəkildə quru sərhədlərin açılmasının tərəfdarıyıq”.
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı ilə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağası, həmçinin şənliklərlə bağlı məlumatların portala daxil edilməsi tələbləri ləğv olunub.
Nərmin Vüqarqızı