Bulvarda karusellər təhlükəlidir?

Yay fəslinin gəlişi ilə insanlar, xüsusən də azyaşlılar parklarda daha çox zaman keçirirlər.
Məlumdur ki, uşaqlar adətən karusellər olan parklara üz tuturlar. Bakıda uşaqların əyləndiyi yerlərdən biri də Dənizkənarı Milli Parkdır. Bəs, orada quraşdırılmış karusellərə nə dərəcədə nəzarət edilir? Uşaqların mühafizəsi necə təşkil olunur?
Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva Redaktor.az-a bildirib ki, Dənizkənarı Milli Parkın ərazisindəki karusellərə nəzarət Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilir.
“Milli Parkda quraşdırılan karusellərə FHN nəzarət edir. Karusellərin istismara yararlığı təsdiq edildikdən sonra onların istifadəsinə icazə verilir”,- deyə o, bildirib.
Mətbuat katibi həmçinin qeyd edib ki, idarənin əməkdaşları da təhlükəsizliyə nəzarət edir:
“İdarənin əməkdaşları tərəfindən karusellərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması nəzarətdə saxlanılır”.
Qeyd edək ki, ötən gün Gəncə şəhərində yerləşən Bayraq Meydanı parkında karuselin qırılması nəticəsində 10 yaşlı uşaq xəsarət alıb.
Nərmin Vüqarqızı