"Cənab prezidentin Özbəkistan səfəri türk dünyasının güclənməsi üçün yeni perspektivlər yaradır" - Deputat

“Bildiyimiz kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qardaş ölkə olan Özbəkistana rəsmi səfəri baş tutub. Sözsüz ki, bu səfər ənənəvi bir səfər deyil.”
Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Redaktor.az-a açıqlamasında deyib.
Millət vəkili hesab edir ki, Prezidentin Özbəkistan səfərinə sadəcə dost və qardaş ölkəyə olan səfər kimi deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatının yeni üzvü, Qoşulmama Hərəkatının, MDB və İslam Konfransının üzvü olan ölkəyə olan səfər kimi yanaşılmalıdır.
Məlahət İbrahimqızı əlavə edib ki, İlham Əliyevin səfəri son illərdə dünyada və regionda, eləcə də Qafqazda və Orta Asiyada baş verən geosiyasi proseslərin fonunda baş verir və bu səfər proqramında müzakirə edilən hər bir məsələ dünyada yeni yaranmış geosiyasi hadislər fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir.
Deputat səfərin çoxyönlü əhəmiyyətinə diqqət çəkərək deyib:
“Bu səfərin siyasi, iqtisadi, humanitar, hərbi-təhlükəsizlik nöqteyi nəzərindən böyük əhəmiyyəti haqqında kifayət qədər danışmaq olar. Yeri gəlmişkən onu da qeyd edim ki, Özbəkistan Zəfər münasibətilə xalqımızı və Müzəffər Ali Baş Kamandanı təbrik edən ilk ölkələrdən biridir və bu münasibətlə özbək xalqı adından bu dost və qardaş ölkənin hökuməti təhsil ilində istifadəyə veriləcək məktəb də inşa edir. Məhz buna görə, Cənab Prezident İlham Əliyevin Özbəkistan səfəri tarixə yazılacaq, həm də əlaqələrimizin və münasibətlərin yeni mərhələsi olacaq.
Bu səfər Azərbaycan və Özbəkistan arasındakı mövcud strateji tərəfəfdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə imkan yaratmaqla bərabər, həm də, könül coğrafiyamız olan türk dünyasının inteqrasiyası və güclənməsi üçün də yeni perspektivlər və üfüqlər yaradır.
Bütün bu məsələlər barəsində hər iki dövlət başçısı səfər proqramı çərçivəsində keçirilən görüşlərdə, eləcə də mətbuat konfransında xüsusilə bildirildi.
Möhtərəm cənab Prezident, hətta Özbəkistanın Fizulidə inşa etdirdiyi məktəblə bağlı öz fikirlərini “…bu bizə verilmiş ilk belə böyük hədiyyədir, bu hədiyyə bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının qəlbində yaşayacaq….” sözləri ilə ifadə edib. O, Özbəkistanda Nizami, Fizuli, N.Tusi kimi tükənməz sərvətimiz olan klassik mütəfəkkirlərimizə, istərsə də, Ulu Öndər Heydər Əliyevin irsinə və onun sovetlər dönəmində Özbəkistan üçün etdiklərinə xüsusi hörmət göstərilməsinə görə minnətdarlıq edib.
Ölkəmizin ictimaiyyəti də Daşkənddə Heydər Əliyev Meydanının yaradılması və meydanın mərkəzində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksinin ucaldılmasını bizim dostluq və qardaşlığımızın növbəti simvollarından biri kimi dəyərləndirir.
Bildiyimiz kimi, bu səfər zamanı çox mühüm razılaşmalar imzalandı. Bunlardan hərbi sahədə əməkdaşlıq haqqında saziş, Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramını, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmaları xüsusi qeyd etmək lazımdır.
Sözsüz ki, bu səfər və onun əhəmiyyəti haqqında çox danışmaq olar, elə səfər çərçivəsində imzalanmış Bəyannamə onun əhəmiyyətini bir daha sübut edir.
Əlbəttə strateji əhəmiyyəti ilə xüsusi fərqlənən belə bəyannamələr, ümidvarıq ki, Mərkəzi Asiyanın digər qardaş türk dövlətləri arasında da imzalanacaqdır.
Son olaraq qeyd etmək istərdim ki, bu səfər XXI əsrdə türk dünyasının qələbə, qardaşlıq və birlik rəmzi kimi qəbul edilən Qarabağ və Şərqi Zəngəzur yolunun yenidən qurulması və dirçəldilməsi işində tezliklə Asiyanın türk dövlətlərinin qoşulacağına öz müsbət təsirini göstərəcəkdir”.
Sübhan Şərif