"Mən də istəyirəm ki, quru sərhədlər açılsın" - Deputat Aydın Hüseynov

 11:21 23.06.2022     1357

Koronavirus pandemiyasına görə, iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb. Ölkəyə giriş-çıxış yalnız hava yolu ilə mümkündür.

Nazirlər Kabinetinin son qərarına görə, bir sıra məhdudiyyətlər aradan qaldırılsa da, quru sərhədlərin açılması sentyabrın 1-nə kimi uzadılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, quru sərhədlərinin açılması Nazirlər Kabineti və Operativ Qərargahın səlahiyyətində olan məsələlərdir:

“Bir vətəndaş olaraq mən də istəyirəm ki, quru sərhədlər açılsın. Pandemiyanın təsirləri aradan qalxdıqca, yolların açılması ilə əlaqədar müəyyən bir qərar veriləcək”.

Deputat həmçinin qeyd etdi ki, yük maşınlarının, TIR-ların quru sərhədlərlə gediş-gəlişinə heç bir məhdudiyyət olmadığına görə, iqtisadi baxımdan elə də güclü təsiri olmayıb.

“Ticarət dövriyyəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur.

Turizmə qaldıqda isə turistlər zaman qıtlığı olduğuna görə, daha çox sürətli nəqliyyat vasitələrindən istifadə edirlər”, - deyə A.Hüseynov bildirdi.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən