Tarixin daha bir əlamətdar günü

 11:57 23.06.2022     300

1993-cü ilin 24 iyunu! Bu tarix Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə əlamətdardır. Bu, vətəndaş arzusunun, xalq inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi. Parlamentin 24 iyun 1993-cü il tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul edildi. Bu, onu ifadə edirdi ki, artıq bütün hadisələr dövlətin nəzarəti altına götürülərək, xalqın iradəsinə tabe edilir.

Beləliklə, 24 iyun tarixi dövlətçiliyin, müstəqil siyasət yürüdən dövlətin 15 iyundan başlayan nicat dönəminin mühüm həlqəsi oldu.

Bəlli olduğu kimi, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə müstəqilliyin ciddi zərbə altına düşməsi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Buna görə müdrik xalqımız Heydər Əliyevin ali hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və o vaxtkı ölkə rəhbərliyi onu paytaxt Bakıya dəvət etməyə məcbur qaldı. O məsuliyyətli günlərdə - 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.

Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”. – Bu sözlər Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində parlamentdəki tarixi nitqindəndir.

Ümummilli lider Heydər Əliyev o məsuliyyətli, mürəkkəb günlərdə Ali Sovetin sədri olaraq, məhz parlamentarizm ənənələrinə sadiq qaldı, aşkarlıq prinsipinə üstünlük verdi. – Qanunverici orqanın iclasları, mətbuat konfransları, respublika miqyaslı müşavirələr birbaşa yayımla ictimaiyyətə çatdırıldı. Ölkədəki vəziyyət olduğu kimi xalqla bölüşüldü. Bu addımlar öz növbəsində ictimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılmasına töhfə oldu. Ümummilli liderin titanik səyləri ilə sabitlik və inkişaf üçün təsirli tədbirlər görülməyə başlandı. Məsələn, zəruri islahatlar sürətləndirildi. Ümummilli liderin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə sədrlik etdiyi dönəmdə parlamentarizm ənənələri özünəməxsus yeni nəfəs (necə deyərlər, yeni qüvvə) qazandı. Ayrıca, nizami ordu quruculuğu sahəsində önəmli qərarlar qəbul olundu. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanunlarda və müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun zəruri dəyişikliklər edildi.

Toplam dörd ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa zaman dilimində parlamentin ruhunu kökündən dəyişdi, bu mühüm təsisata, hakimiyyətin önəmli qoluna siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini aydın, səlis əsaslandırması, dəyərli fikirləri ustalıqla ümumiləşdirməsi parlament üzvləri üçün də örnək – əsl parlamentarizm məktəbi idi.

Əlbəttə, fəaliyyətlər, görülən işlər sırf parlament çərçivəsində qalmır, ümumrespublika və beynəlxalq səciyyəsi ilə də seçilirdi. Separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alınması bu baxımdan özəlliklə vurğulanmalı məqamdır. 1993-cü il avqustun 7-də respublikamızın güney bölgəsində qondarma “Talış-Muğan Respublikası” elan olunmuşdu. Heydər Əliyev bununla bağlı avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla görüşərək, durumu müzakirə etdi. Avqustun 17-də isə parlament “Azərbaycan Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında yaranmış vəziyyət haqqında” tarixi Qərar qəbul edərək, qondarma “respublika” avantürasına siyasi qiymət verdi. Dövlətə başçılıq edən müdrik şəxsiyyətin siyasi iradəsi və əhalinin istəyi ilə tezliklə bu köksüz iddiaya son qoyuldu: təsadüfi “uğur” ümidi ilə edilən, bölgə əhalisinin özünün şübhəli gördüyü təşəbbüs, həqiqi qüvvə və ortamı nəzərə almadan görülən macəra kimi – bir xətalı iş kimi sıfırlandı.

Heydər Əliyevin uğurlu siyasəti sayəsində respublikamız qısa zaman içində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycan Respublikasının xarici siyasətində qısa müddət içində köklü dönüş yarandı və bununla da uğurlar qazanmaq mümkün oldu. Aparıcı dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycan Respublikasına ciddi diqqət yetirməyə başladı, ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Ümummilli lider bir ictimai-siyasi, iqtisadi formasiyadan digərinə keçid dövründə müstəqilliyini yenicə qazanmış respublikamızın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirdi. O, qabaqcıl dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinə müraciət edərək, onların Azərbaycan gerçəkliklərinə uyğunlaşdırılmasına nail oldu. Bunun sayəsində, qısa müddətdə ölkəyə sərmayə axınını stimullaşdıran çağdaş innovativ inkişaf modelinin gerçəkləşdirilməsi mümkün oldu.

Peşəkarlıq və Vətənə sadiqlik örnəyi göstərən Ümummilli lider müstəqilliyin ilk illərində Azərbaycan xalqının qarşısına çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi.

Xalqın ictimai-siyasi, iqtisadi, mədəni həyatında, bir sözlə, bütün əməli fəaliyyət sahələrində dirçəlişi Ümummilli liderin adı ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi dönəmdə Azərbaycanı bir müstəqil dövlət kimi ağır və sərt sınaqlardan çıxara bildi, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün önəmli (tarixi!) addımlar atdı.

Etiraf edək ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində heç də tez-tez rast gəlinən hal deyildir. Fərqli coğrafiyalarda yerləşən irili-xırdalı dövlətlərdə milli maraqlarla dövlət maraqlarının üst-üstə düşməməsi hallarına az rast gəlinmir. Ümummilli lider harada çalışıbsa özünü məhz lider kimi təsdiq edib. O, dövlət idarəetmə sənətinin ustadı, siyasətin mükəmməl bilicisi idi. Ümumdünya tarixi sübut edib ki, şəxsiyyətlərin siyasi iradəsi, müdrikliyi, xarizması mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz yerə və rola malikdir. Heydər Əliyev xalqın yaddaşında yalnız xilaskar deyil, qurucu dövlət xadimi kimi əbədi yaşayacaqdır.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva,

Milli Məclisin deputatı