Azərbaycan və Özbəkistan ordusu eyni model üzərində qurula bilər - Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində bu ölkə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.
Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının əhəmiyyəti barədə Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, bu saziş hər iki ölkə üçün çox əhəmiyyətlidir:
“Azərbaycan və Özbəkistan qədim dövrdən həmişə dostluq, qardaşlıq münasibətləri olan, bir kökdən gəldiklərini unutmayan xalqlardır. Cənab prezidentimizin Özbəkistana səfəri göstərdi ki, iki ölkə arasında demək olar ki, bütün sahələr üzrə əməkdaşlıq var. Onlardan biri də hərbi əməkdaşlıqdır. Həm Azərbaycanın, həm Özbəkistanın bu sahədə böyük təcrübəsi var”.
Deputatın sözlərinə görə, məhz bu prosesləri nəzərə alaraq iki ölkə arasında hərbi-texniki əməkdaşlıq istiqamətində addımların atılması nəzərdə tutulur:
“Yeni dövrün tələblərinə uyğun ordu quruculuğunun həyata keçirilməsində eyni silah növündən istifadə edilməsində, hərbi təhsil sahəsində əməkdaşlıq mühümdür. Bu sənədin imzalanması hər iki dövlətin silahlı qüvvələrinin eyni bir model üzərində qurulmasına, birgə təlimlərin keçirilməsinə, hərbi kadrların hazırlanmasına, həm də qarşılıqlı surətdə yüksək tələblərə cavab verən silahların alınmasına gətirib çıxaracaq. Bu, olduqca vacib sənəddir”.
Nərmin Vüqarqızı