İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən şəxsə bəraət verildi

İmişlidə hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Elməddin Əliyevlə bağlı qərar çıxarılıb və ona bəraət verilib.
Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Elvin Yusifov bildirib.
O, qeyd edib ki, bəraət hökmü Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, rəsmi məlumata əsasən, İmişli rayon sakini, Zakir Uğurluyev 2020-ci ilin sentyabrında rayon polis şöbəsinə (RPŞ) ərizə ilə həmyerlisi Elməddin Əliyevin onu şantaj edərək 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalar zamanı E.Əliyevin İmişli rayonunun Otuziki kəndində yerləşən "Mal-qara" bazarında mobil telefonla çəkərək "Youtube" sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün "Mal-qara" bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj yolu ilə 8000 manat tələb etdiyi məlum olub (report.az).