"Hafiz Hacıyev o sözləri zarafatla deyib" - Gülər Əhmədova
Xəbər verdiyimiz kimi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev rəhbərlik etdiyi partiyanın sədri kimi yalnız özünü gördüyünü deyib. Müavinləri barədə, konkret olaraq keçmiş millət vəkili Gülər Əhmədova barədə soruşulanda isə belə cavab verib:
"Gülər xanım hələ idarə heyətinin tapşırıqlarını yerinə yetirsin, gedib rusları müdafiə edir. O məsələlərə də baxılacaq. Gülər xanımdan narazılığım yoxdur, çox istəyirəm. Amma mən hələ gümraham, arxayın olsunlar. Payızda qurultayımız olacaq, müəyyən məsələlərə orada aydınlıq gətirəcəyik..."
Məsələ ilə bağlı Redaktor.az-a Müasir Müsavat Partiyasının sədr müavini Gülər Əhmədova da açıqlama verib.
O, bildirib ki, partiya sədri həmin sözləri zarafatla deyib:
"Həmin sualı Hafiz müəllimə verən şəxslər qeyri-peşəkardırlar. Başqa söz deyə bilmərəm. Rusiya məsələsinə gəldikdə isə mən "You Tube"də yayımlanan "Bakı-xeber" internet kanalında aparıcılıq edirəm. Debatlarda qonaqlarla müxtəlib məsələri müzakirə edirik. Bəzən olur ki, Ukraynanı müdafiə edənlərə, bəzən də Rusiyanı müdafiə edənlərə oponentlik edirəm. Bu mənim moderator olaraq işimdir. Bir çoxları Hafiz bəyi başa düşmür. Bu da onların təcrübəsizliyindən irəli gəlir. O, uzun illərdir siyasətlə məşğul olur, yeri gələndə kimlərisə "trollayır". Ona görə də burda təəcüblü heç nə yoxdur. Hafiz bəy bilir ki, mən aparıcıyam və moderator kimi qarşı tərəfin fikrini səsləndirirəm. Ağıllı adam bunu başa düşür. Ağılsız adamlar da özləri bilər".
Nərmin Vüqarqızı












