Qarabağ qazisi şikayətləndi: “Aldığım müavinət ipotekanı ödəməyə çatmır” - FOTO

 16:24 30.06.2022     549

Sumqayıt sakini Mehman Mirağa oğlu Dadaşov İkinci Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirib. Bu səbədən qazimiz ipoteka kreditini ödəyə bilməyəcək duruma düşüb.

Bu barədə Redaktor.az saytına danışan M. Dadaşov bildirib ki, 2011-ci ildə Sumqayıtda ipoteka krediti ilə mənzil alıb və  Vətən Müharibəsində vuruşmaq üçün könüllü cəbhəyə gedənə qədər ödənişi hər ay vaxtında edib.

Onun sözlərinə görə, 4-ü uşaq olmaqla ailəsi 8 nəfərdən ibarətdir. Bu səbəblə əlilliyə görə aldığı müavinət və sığorta pulu ailəsini dolandırmaq üçün kifayət etmir:

“Atam rəhmətə gedəndən sonra ailənin yeganə pul qazananı mən olmuşam. Anam, yoldaşım və iki övladımdan başqa, boşanmış bacıma və onun iki övladı da bizim evdə yaşayır və onlara da mən baxıram. Evdə yalnız gəliri olan şəxs kimi əlilliyə görə müavinət və sığorta müavinətləri alıram. Ancaq bu gəlir yalnız böyük bir ailəni dolandırmaq üçün kifayət etmir. Başqa gəlir yerimiz yoxdur. Kreditimi qaytara bilmirəm. Kiçik qızım epilepsiyadan əziyyət çəkir və onun müalicəsinə də müəyyən məbləğ xərcləmək məcburiyyətindəyəm”.

Dediyinə görə, hazırda qazimizin 5600 manat kredit borcu var. Mehman Dadaşov 2009-cu ildən xüsusi təyinatlılarda xidmət edib. O, dəfələrlə xüsusi hərbi əməliyyatlara qatılıb, həmçinin Aprel döyüşlərinin iştirakçısıdır.

“Vətən müharibəsində minaatan atəşi nəticəsində qəlpə yarası aldım, lakin buna baxmayaraq döyüşü davam etdirdim. Daha sonra ayağıma da güllə dəydi. Müalicə üçün Füzuli rayonundakı xəstəxanaya, sonra Beyləqana, oradan isə Şirvan rayonuna göndərildim. Uzun müalicədən sonra 2021-ci ilin mart ayında hərbi həkim komissiyasının qərarı ilə ehtiyata buraxıldım. Buzovnadakı Tibbi Bərpa Mərkəzində, həmçinin Sumqayıtda “Unikal” klinikasında müalicə almışam”- deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, tibbi-sosial ekspert komissiyası Mehmana işləmək qabiliyyətini itirdiyinə görə II qrup əlillik təyin edib. Qaziyə qapalı kəllə-beyin zədəsi, kontuziya, amneziya, həmçinin sol ayağın sinirlərinin və qan damarlarının sıxılması nəticəsində aşağı ətrafın sıxılma-işemik neyropatiyası fonunda astenik nevroz sindromu diaqnozu qoyulub.

Qarabağ müharibəsi veteranı müraciətində qeyd edib ki, onun əməkdaşlıq etdiyi siğorta şirkəti də ona heç bir köməklik göstərmir.

“Mən əməkdaşlıq etdiyim sığorta şirkətinə müraciət etdim, lakin müqavilədə bu hüquq yalnız I qrup əlillər və şəhid ailələrinə aid olduğu göstərildiyi üçün kreditin qalan məbləğini kompensasiya etməkdən imtina etdilər. Maraqlıdır ki, yalnız 2016-cı ildən etibarən sığorta müqavilələrində II və III qrup əlillərilə bağlı ayrıca qərar qəbul edildi. İpoteka krediti üzrə ilkin borcum 28 700 manat idi. Hal hazırda -5600 manat ödəmək lazımdır. Qohumlar, dostlar mənə çox kömək etdilər, lakin onların imkanları artıq tükənib. Kömək üçün dövlət qurumlarına müraciət etdim, amma problemim hələ də həllini tapmayıb. Xahiş edirəm, mənə kömək edin, mən bu maliyyə yükünün öhdəsindən gələ bilmirəm”, - Qarabağ müharibəsi veteranı müraciətində vurğulayıb.

Qazimizin müraciətlə bağlı “Yaşat” fondu ilə əlaqə saxladıq. ASAN” Xidmətin mətbuat katibi, fondun sözçüsü Elnur Niftəliyev söylədi ki, Mehman Mirağa oğlu Dadaşovun “YAŞAT” Fonduna məişət şəraitinin yaxşılaşdırılması barədə etdiyi müraciətlərin əsasında bir sıra tədbirlər görülsə də ipoteka borcunun ödənilməsinə köməklik olunmayıb.

“Mehman Dadaşovun 2021-ci ilin 5 iyul və 2021-ci ilin 11 oktyabr tarixlərində daxil olan müraciətləri təmin olunaraq ümumilikdə 5000 AZN vəsait onun bank hesabına köçürülüb”-, deyə məlumatda qeyd olunub.

Elnur Niftəliyevin sözlərinə görə, 2022-ci ilin 8 fevral tarixində Fondun 8110 çağrı mərkəzinə daxil olan zəngində ipoteka kreditinin qarşılanmasını istədiyini bildirib:

“ “YAŞAT” Fondu  şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin ödənilməsini həyata keçirir. Bu barədə vətəndaşa 2022-ci ilin 8 fevral tarixində 8110 çağrı mərkəzinə daxil olan müraciəti zamanı ətraflı məlumat təqdim olunub”.

Sonda bir məsələni də oxucularımızın diqqətinə çatdırırq ki, Mehmana yardım etmək istəyənlər 055 517 62 52 nömrəsi ilə əlaqə saxlaya və ya bank hesab nömrəsinə pul köçürə bilərlər.

Nərmin Vüqarqızı

 

 

222