“78 sayğacdan 72-nə müdaxilə olunduğu aşkarlanıb” - "Azəriqaz"
"2022-ci ilin 6 ayı ərzində Metrologiya Departamentinə sayğaclarla bağlı 2 min müraciət daxil olub".
Redaktor.az xəbər verir ki, bunu "Azəriqaz" İB-in Metrologiya Departamentinin rəisi Zehin Rəsulov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.
Departament rəhbəri qeyd edib ki, əməkdaşlar qaz sayğacına müdaxilə halı aşkarlayarsa, sayğac abonentin iştirakı ilə çıxarılır, akt tərtib olunur və möhürlənib departamentə gətirilir:
"Müvafiq sahə üzrə idarə abonentə SMS bildiriş göndərir və vətəndaşın iştirakı ilə sayğaca baxış keçirilir. Digər hallar da ola bilər. Abonent hesab edir ki, onun sayğacı düz yazmır və digər bu kimi nasazlıqlar yaranıb, bu zaman da onun sayğacı eyni qaydada çıxarılıb departamentə gətirilir”.
Zehin Rəsulov qeyd edib ki, yoxlamaya gətirilən sayğaclara baxış zamanı abonentlər prosesdə iştirak etməlidir.
“Baxmayaraq ki, cari ilin 6 ayında 2 mindən yuxarı müraciət olunub, amma sayğacların təftişində iştirak edən abonentlərin sayı 78 nəfər olub. Həmçinin 78 sayğacdan 72-nə müdaxilə olunduğu aşkarlanıb".
O, qeyd edib ki, bütün hallarda məişət sayğaclarının qulluğu "Azəriqaz" İB-in hesabına həyata keçrilir. Heç bir halda abonentdən ödəniş tələb olunmur.
Nərmin Vüqarqızı












