Şuşaya avtobus biletləri niyə tapılmır?
Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti işğaldan azad olunmuş ərazilərə yanvarın 24-dən müntəzəm avtobus marşrutlarını istifadəyə verib.
Redaktor.az xəbər verir ki, bu gündən etibarən isə Şuşaya hər gün avtobus yola düşəcək.
Bu barədə xəbər elan olunan kimi, satışa çıxarılan biletlərin bir anda satılması haqlı olaraq insanların narazılığına səbəb oldu. Ona görə də, Şuşaya getmək arzusunda olanlar onlayn bilet tapmadığı halda, “qara bazar”a baş vururlar.
Sosial şəbəkələrdə gedən müzakirələrdə iddia olunur ki, 1 dəqiqədə onlayn satılan biletləri “Şuşa”ya tur elan edən şirkətlər əldə edib...
Məsələyə aydınlıq gətirmək üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik yanında Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Pərvanə Əliyeva bildirdi ki, tələbat çox olduğu üçün biletlər satışa çıxarılandan az sonra satılıb qurtarıb. Onun sözlərinə görə, kimlərinsə çoxlu sayda bilet əldə etməsi və daha sonra digər şəxslərə satması və ya ötürməsi mümkün deyil.
“Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil”,- deyə o vurğuladı.
Pərvanə Əliyeva qeyd etdi ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir:
“Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti vətəndaşlara bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər.
Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar”.
Nərmin Vüqarqızı












