“Lukoyl Azərbaycan”ın əməkdaşlarından şikayət - "Bizi işə buraxmırlar"
Redaktor.az saytının elektron ünvanına “Lukoyl Azərbaycan” şirkətində işçilərin incidilməsi, onların heç bir səbəb göstərilmədən işdən çıxarılması barədə şikayət məktubu daxil olub.
Şikayətçi Quliyev Qurban Mübariz oğlu məktubda qeyd edib ki, altı il “Lukoyl Azərbaycan” şirkətində çalışıb və bu müddət ərzində nöqsansız işlədiyi üçün rəhbərlik tərəfindən ona hansısa bir narazılıq bildirilməyib. Lakin buna baxmayaraq "Neft Baza"nın müdiri Cavad Sultanov ona qarşı həmişə qərəzli münasibət göstərib.
“Cari ilin iyun ayının 9-da saat 17:20 radələrində birinci doldurucuda maşının üçüncü bölməsini doldururarkən yanacaq daşdı. Bu cür hadisələrin tez-tez baş verdiyini nəzərə alaraq, təhlükəsizlik və ətraf mühitin mühazəsini qorumaq məqsədilə "Neft baza"nın direktoru Cavad Sultanova şifahi məlumat verməyimizə baxmayaraq heç bir ölçü götürmədi. Bundan əvvəl də "Neft Baza"da dəfələrlə qeyri-qanuni yanacaq satışını və əldə olunan külli miqdarda pulların rəhbərliyi xəbəri olmadan mənimsənilməsini müşahidə etmişik.
Bütün bunlardan xəbərdar olduğumuza görə, C. Sultanov, həmçinin neft məhsulunun buraxılışı üzrə mütəxəssis Arif Orucov vəzifələrindən sui- istifadə edərək məni və həmkarın Orucəliyev Kərim Abilfəsoviçi öz vəzifəmizi yerinə yetirməyə süni məhdudiyyətlər yaradır və bizi işə buraxmır”,- yazan Q.Quliyev “Lukoyl Azərbaycan"nın rəhbərliyinə dəfələrlə müraciət etsə də, heç bir cavab almamasından gileylənib.
Biz də bu şikayət barədə müvafiq açıqlama almaq üçün aidiyyəti üzrə “Lukoyl Azərbaycan”a sorğu göndərdik. Amma 15 gün keçməsinə baxmayaraq, bizə heç bir cavab vermədilər.
İLTİFAT












