"Oranın təbiəti tamam fərqlidir" - Kəlbəcərli jurnalistlər

 15:44 07.07.2022     1268

Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcərdə bu gün ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir.

Görülən abadlıq, quruculuq işləri hələ tam olaraq yekunlaşmasa da, bir sıra vətəndaşlarla yanaşı kəlbəcərli jurnalist həmkarlarımız da doğma torpaqlarında olublar.

Təəssüratlarını öyrənmək üçün onlarla əlaqə yaratdıq.

Ötən il Kəlbəcərə səfər edən "Moderator.az" saytının rəhbəri Zülfüqar Hüseynzadə məlumat verdi ki, hələ keçən ildən orada quruculuq işlərinə başlanılıb:

“Keçən il Kəlbəcərə səfərim zamanı həmin rayonda əsas quruculuq işi yol tikintisi ilə bağlı idi. Çox güman ki, bu ilin sonu, gələn ilin əvvəlində Kəlbəcər şəhərində yeni abadlıq işləri başlayacaq. Kəlbəcər bənzərsiz gözəlliyi olan şəhərdir.

2024-cü ildə Qoçudakı hava limanı və “Murov” tuneli istifadəyə verildikdən sonra təkcə Azərbaycan vətəndaşları yox, dünyanın dörd bir yanından İstisuya turistlər gələcək. Yaxın 4-5 il müddətində tamam fərqli Kəlbəcər görəcəyik”.

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirdi ki, ən son iki həftə öncə Kəlbəcərə gedib:

“Həmin ərazilər, həqiqətən də, böyük bir tikinti meydançasını xatırladır. Çaylar üzərində su elektrik stansiyaları qurulur, yeni yollar çəkilir, xüsusilə, Ermənistan sərhədinə aparan hərbiçilərimizin mövqelərinin yerləşdiyi təminat yolları abadlaşdırılır. Rayon ərazisində elektrikləşdirmə işləri həyata keçirilir. Həmçinin cənab Prezdentin səfərindən də məlum olduğu kimi İstisu sanatoriyasının və “İstisu” mineral su zavodunun əsası qoyulub”.

Aqil Camal qeyd etdi ki, rayon ərazisində xüsusi canlanma müşahidə edilir:

“Avtomobillərin sıxlığından bu hiss olunur. Yaxın bir neçə il ərzində kənd təsərrüfatı rayonları hesab edilən bu ərazilərdə həyat qaynarlığı yenidən bərpa ediləcək”.

Modern.az saytının rəhbəri Elşad Eyvazlının sözlərinə görə, işğaldan azad olunan rayonlara gedib-gələndən sonra hamısının fikirləri oxşar olur:

“Həmin insanlar düşünür ki, kəndlərimiz balacalaşıb. Təbii ki, torpaq balacalaşmır. Sadəcə həmin insanlara 30 il ərzində evlərinin, doğma yurdlarının dağıdıldığı, yerlə-yeksan olunduğu nə qədər deyilsə də, hər kəsin beynində öz evini, torpağını necə qoyub gəlmişdisə, xəyallarında o qalırdı. Gözləri ilə görmədikləri müddətdə onlara göstərilən şəkillərə, videolara, erməni barbarlığına inanmırdılar. Amma yenidən o torpaqlara döndükdə fikirlər tamamilə dəyişdi, xəyalları yerlə-yeksan oldu”.

Həmkarımız bildirdi ki, onun gözlərində Kəlbəcər indi daha böyük, füsunkar, əzəmətli və gözəl görünür:

“İşğaldan öncə Kəlbəcər ucqar bir rayon idisə, indi Kəlbəcər yalnız Azərbaycanın deyil, bütün dünyanın diqqətini çəkən bir bölgədir. Özüm Kəlbəcərli olduğum üçün demirəm, amma oranın təbiəti, daşı, ağacı, suyu, quşu, bitkiləri, səması tamam fərqlidir. Kəlbəcər tamam başqa yerdir”.

Söhbətimiz əsnasında Elşad Eyvazlı öz arzu və istəklərini dilə gətirməyi unutmadı:

“Sadəcə bir arzum var ki, Kəlbəcərə sakinlərin gedişi sürətlənsin. Düşünürəm ki, bu proses geciksə, onların içindəki o sevgi yavaş-yavaş ölə bilər. Mən çox istərdim ki, insanlara şərait yaradılsın ki, onlar özlərinə birotaqlı da olsa ev düzəldib, yurd-yuvalarına geri dönsünlər. Kəlbəcərin təbii resursları imkan verir ki, bu gün ən kasıb kəlbəcərli belə yurduna dönüb 2-3 il ərzində özünə yenidən şərait qursun”.

Nərmin Vüqarqızı

2222
Vumart və Güvən reklamı Vumart Güvən