Nərimanov rayonunun parklanma problemi niyə həll olunmur?
Bakı şəhərinin parklanma problemi mətbuatda tez-tez gündəmə gəlsə də, hələ də həllini tapmayıb. Xüsusən Nərimanov rayonunda vəziyyət daha acınacaqlıdır. Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsindəki iki tərəfli yol 4 cərgə saxlanılan avtomobillər tərəfindən zəbt olunub desək, yanılmarıq. Təəssüf ki, bu hal DYP əməkdaşlarının gözü önündə baş versə də, əncam olunmur.
Piyadalar üçün nəzərdə tutulmuş zolaqlarda, səkilərdə avtomobillərin dayanma-durma qaydalarını pozması, nəinki təkcə piyada hərəkətini məhdudlaşdırır, hətta bu məhdudluq səbəbindən piyadalar avtomobillərin yoluna çıxmağa məcbur olurlar.
Qeyd edək ki, ərazidə çox sayda plaza, otel və ticarət obyekti var, çox sayda iri və orta həcmli nəqliyyat vasitələri bu küçə boyunca hərəkətdə olur. Bu, həm sıxlığın, həm də təhlükənin, qəza riskinin artması anlamına gəlir.
Yəni, insanlar işdən çıxıb, evlərinə, ailələrinə qazanc apararkən, marketdən, dükandan çörək alarkən, həyatları təhlükə altına düşür.
Bu barədə bir neçə gün əvvəl Redaktor.az saytında bəhs etmişdik. Bakı şəhər Dövlət Yol Polsinin media ilə iş bölməsinin rəhbəri Araz Əsgərli saytımıza verdiyi açıqlamada probemin az vaxtda həll ediləcəyinə söz vermişdi.
Amma hələ də bu istiqamətdə elə bir irəliləyiş yoxdur.
Əslində, Əhməd Rəcəbli küçəsində acınacaqlı vəziyyətin yaranmasının günahkarı Nərimanov Rayon Dövlət Yol Polisinin əməkdaşlarıdır. Çünki gün ərzində DYP əməkdaşları dəfələrlə bu küçədə şütüyürlər. Amma birinin "yadına düşmür" ki, saxlayıb, yolu zəbt edən sürücülərdən bunun sorğu-sualını etsin.
Ona görə də, Əhməd Rəcəbli küçəsindəki obyektlərin sahiblərinin və avtomobillərin küçələrdə 4 cərgə yan-yana dayanmasının səbəbkarı olan "parkovşik"lərin Nərimanov Rayon DYP rəisinə onların bu əməllərinə göz yumması üçün haqq vermələri barədə iddialar inandırıcı görünür.
Mövzuya bir daha qayıdacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sübhan Şərif













