"Yenə də yorğan altında bir standart qəbul ediblər" - Eyyub Hüseynov

 15:30 13.07.2022     1273

Xəbər verdiyimiz kimi, Azərbaycanda müştəri məmnuniyyətinin təmin edilməsi, artırılması, o cümlədən bu sahədə keyfiyyətin yüksəldilməsi məqsədilə AZS ISO 10002:2022 “Keyfiyyəti idarəetmə - Müştəri məmnuniyyəti - Təşkilatda şikayətlərin idarə edilməsi üzrə rəhbəredici sənəd” adlı yeni dövlət standartı qəbul edilib. 

Bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yaysa da, həmin sənəddə nələrin nəzərdə tutulduğu göstərilməyib.

Sözügedən standartla bağlı Redaktor.az-a fikirlərini bölüşən Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov təəssüflə bildirdi ki, standartı müzakirə aparmadan qəbul ediblər.

"Mən Azərbaycan Standartlaşdırma İnstitutunda bir neçə komitə üzvüyəm. O standart mənim üçün olduqca əhəmiyyətli idi. Azərbaycanda dünya istehlakçı təşkilatın yeganə nümayəndəsiyəm və mən onun qəbulunda iştirak etmək istəyirdim. Amma çağırmayıblar, yenə də yorğan altında bir standart qəbul ediblər. Bu səbəblə standartdan xəbərim yoxdur”.

Ekspertin fikrincə, belə bir standart həddindən artıq vacibdir, lakin bu standartın qəbul edilməsi hələ işlərin yaxşı olacağından xəbər vermir:

“Məlumdur ki, bu standart bir texniki və ya hansısa bir ərzaq malı üçün deyil, bütün insanların həyatı ilə bağlıdır. İstehlakçı hüquqlarının qorunmasına dair qanuna bərabər bir standartdır. Buna görə də, Azərbaycan reallıqları nəzərə alınmaqla qəbul edilməli idi.

“Tütün və tütün məmulatı haqqında” qanun var, amma ayaqlar altındadır, baxmayaraq ki, neçə illərdir orada dəyişikliklər edilir. Birdəfəlik steril şprislərlə bağlı standart qəbul edilib, amma hələ də təhlükəli şprislər satılır. Çoxsaylı belə standart və dövlət qanunları var ki, ayaq altına atılır”.

Eyyub Hüseynov qeyd etdi ki, ən vacib məsələlərdən biri də həkimlərin istehlakçıları, yəni müştəriləri qəbul etməməsidir.

“Mən bilmirəm, bu məsələ standartda öz əksini tapıb, ya yox. Ən böyük faciəvi hal burdadır. Azərbaycan həkimləri partizan kimi fəaliyyət göstərir, heç bir yerdə iz qoymurlar. Hətta yazdıqları reseptlərə belə imza qoymağa canları çıxır. Həkim köməkçiləri insanları müəyyən ekspertizalara telefonla şifahi şəkildə yönləndirir ki, mən nə lazımdır deyəcəm edəcəklər. Sonradan isə məlum olur ki, əlavə proseduralar həyata keçirilir, insanlardan pul soyulur. Hansı ki, bunlar yazılı şəkildə müştəriyə təqdim edilməlidir. Hətta iş o yerə çatıb ki, həkimlər heç bir diaqnoz qoymadan əməliyyat edirlər. Bunların hər biri göstərir ki, bu sahədə standart olduqca vacibdir. Amma mən bilmirəm ki, qəbul olunan standartda bu nə dərəcədə öz əksini tapıb”,- deyə o, bildirdi.

Biznes qurumlarının alıcılarla davranış qaydalarına diqqət çəkən ekspert qeyd etdi ki, əksər biznes qurumları “pulunu ver, itil cəhənnəmə” prinsipində işləyirlər:

“Problem olduğu halda qapılarını bağlayırlar, istehlakçını kimsə dinləmir. Buna nəzarət edən dövlət qurumları da son dərəcə effektsiz şəkildə fəaliyyət göstərirlər, hətta demək olar ki, fəaliyyət göstərmirlər".

AİB sədri əlavə etdi ki, həmin standartın qəbulunda iştirak etmədiyi üçün bu məsələləri ora daxil edə bilməyib:

“Bəzi dövlət qurumlarının bu siyasəti ilə qətiyyən razı deyiləm. Müəyyən məsləhətləşmə aparılmalı, istehlakçıların istəkləri bu standartlarda əks olunmalıdır. Bu standartın qəbul edilməsi hələ işlərin yaxşı olacağından xəbər vermir, lakin heç olmasa qanunvericilikdə bununla bağlı müəyyən dəyişiklik olar. Bəlkə bu standartdan sonra istehlakçıların yağış kimi yağan şikayətləri səngiyər. Qəbul olunan standarta əlavələr etmək o qədər də asan olmayacaq, amma mən yenə də təkliflərimi verəcəm”.

Nərmin Vüqarqızı