Açıq havada işlər niyə dayandırılmır? - AÇIQLAMA
Son günlər ölkə ərazisində anomal isti hava şəraiti davam edir. Açıq havada və sərinləşdirici qurğular olmadan çalışan işçilər isə fəaliyyətlərini hələ də davam etdirirlər.
Bəs bu işçilərin sağlamlığının qorunması üçün hansı yoxlama və tədbirlər həyata keçirilir?
Sualımıza cavab tapmaq üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı ilə əlaqə saxladıq.
O, Redaktor.az-a bildirdi ki, sahibkarlıq subyektlərində yoxlamalar Prezidentin sərəncamı ilə 2015-ci ildən 2023-cü ilə qədər dayandırılıb:
“Bu səbəblə, Ekologiya Nazirliyi xəbərdarlıq edəndə, ümumi ölkə üzrə biz də xəbərdarlıq edirik. Ekologiya Nazirliyi ilə indi əlaqə saxladım, bildirdilər ki, hava şəraiti Bakıda 39 dərəcəni keçməyib”.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində işləyərkən onlara fasilələr verilir və iş dayandırılır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, sabah da ölkənin bır sıra ərazilərində 42 dərəcə isti olacaq.
Nərmin Vüqarqızı












