"Sabirabadın icra başçısı həbs edilməlidir" - Hafiz Hacıyev

 13:16 14.07.2022     982

“Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı çox şərəfsiz adamdır, güllələnməlidir. Onun balaları gedib torpaqların işğaldan azad olunmasında iştirak etməyib. Ona görə də, bu gün qazilərə qarşı soyqırım siyasəti yeridilir”.

Bunu Redaktor.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev özünü yandıraraq intihar edən Vətən müharibəsi qazisi Elvin Cəfərovla bağlı danışarkən bildirib.

Partiya rəhbəri bu hadisəni Azərbaycan dövlətinə qarşı bir xəyanətin nəticəsi olaraq qiymətləndirib:

“Azərbaycan hakimiyyətinin daxilində təxribat aparan, dövlət başçısını istəməyən qüvvələrdir. Həmin insanlar çalışırlar ki, ölkədə qarışıqlıq yaratsınlar və qismən də buna nail olurlar. Bu səbəblə, “5-ci kolon”un təyin etdiyi kadrlar və Müdafiə Nazirliyi qazilərə yiyə durmur. Digər dövlət orqanları təcili hərəkətə keçməlidirlər”.

Hafiz Hacıyev həmçinin bildirib ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qazinin intiharına laqeyd yanaşdığı üçün həbs edilməlidir:

“Sabirabad Rayon İcra Hakimiyyətinin başçısını həbs etməli və digər bu sahəyə baxan strukturlar da mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Bu cür davam edə bilməz, bunların hamısı Vətənə xəyanətdir. Biz qazilərin hesabına Qarabağı işğaldan azad etdik. Bu gün qazilərə qarşı laqeydlik göstərənlər Azərbaycan hakimiyyəti daxilində olan ermənilərlə qohum olan insanların birgə qurduğu klandır”.

Xatırladaq ki, Vətən müharibəsi qazisi, Sabirabad rayonu Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Elvin Cəfərov Sabirabad rayon İcra Hakimiyyətinin başçısına etiraz edərək özünü yandıraraq intihar edib. Baş Prokurorluq qazinin intiharı ilə bağlı araşdırmalara başlayıb.

Nərmin Vüqarqızı

Vumart və Güvən reklamı Vumart Güvən