"Azəriqaz" xəbərdarlıq etdi - Sentyabrdan yoxlamalar başlayır

 14:37 15.07.2022     5136

“Qaz xətlərinin keçdiyi ərazilərin zəbt olunmasının qarşısını almaq məqsədilə sentyabr ayından etibarən yoxlamaların keçirilməsi nəzərdə tutulur”.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Şöbə rəisi bildirib ki, lazımi tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilir.

“Qaz xətləri ilə bağlı bizə şikayətlər daxil olur. Bu kimi hallara əsasən həyət evlərində, hündür mərtəbəli binaların birinci mərtəbələrində rast gəlinir. Sakinlər qaz xətti keçən ərazini hasara alaraq orada özləri üçün bağça düzəldirlər və qaz kəməri bu bağçanın içində qalır. Bizə bununla bağlı qonşular tərəfindən şikayətlər daxil olur. Maraqlı məqamlardan biri də odur ki, yerli icra orqanları tərəfindən də bununla bağlı bizə yazanlar olur. Amma “Azəriqaz”ın həmin hadisəyə təsir imkanları minimumdur, nəinki həmin o məktubu yazan yerli icra orqanlarının. Çünki bizim belə bir səlahiyyətimiz və işçi qüvvəmiz yoxdur ki, orada hər hansı söküntü işlərini aparaq”, - deyə İlkin Behbudov vurğulayıb.

Nərmin Vüqarqızı