"Azərbaycanda taksi xidmətinin qiymətini erməni iş adamları müəyyənləşdirir” - Elməddin Muradlı

 17:36 15.07.2022     6522

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Aİ-95” markalı benzinin qiyməti bir gecədə 25% bahalaşıb.

Belə ki, “Aİ-95” markalı benzinin qiyməti 1,6 manatdan 2 manata, “Aİ-98” markalı benzinin qiyməti isə 1,9 manatdan 2,3 manata yüksəlib.

Maraqlıdır, benzinin bahalaşması taksi qiymətlərinə necə təsir edəcək?

Nəqliyyat eksperti Elməddin Muradlı Redaktor.az-a açıqlamasında bildirdi ki, benzinin bahalaşması taksi xidmətlərinə dolayı yolla da olsa təsir edəcək:  

“Taksidə istifadə edilən avtomobillərin əksəriyyəti hibriddir, “Aİ-95” markalı benzinlə işləyir. Sözsüz ki, bu bahalaşma taksi qiymətlərinin artmasına təsir göstərəcək. Yanacağın qiymətinin artması taksiyə birbaşa təsir göstərməsə də, dolayısı ilə bu sahəyə təsir edəcək. Yəni biz məişətdə bu bahalaşmanı hiss ediriksə, taksi sürücüsü bunu hiss etmir? Avtomobil yağının, detalların qiyməti bahalaşıb. Amma taksi sürücüləri qiyməti artıra bilmir, çünki transmilli şirkətlərdən asılı vəziyyətdə işləyirlər. Azərbaycanda taksi xidmətinin qiymətini xarici şirkətlər və şirkətlərin arxasında dayanan erməni iş adamları müəyyənləşdirir”.

Ekspert vurğulayıb ki, şirkət və sərnişin qiymətdən razıdırlar, amma taksi sürücüləri belə vəziyyətdə istismar edilir.

“Təkər, yağ, benzin, dizel, digər ehtiyat hissələri bahalaşıb. Amma taksi xidmətlərinin qiymətləri artmır. Transmilli şirkətlər vəziyyəti elə həddə gətirib çıxarıb ki, heç bir artımdan danışmaq mümkün deyil. Taksi sürücüləri çox çətin vəziyyətdədirlər. Bununla bağlı müəyyən addımlar atılmalıdır”,- deyə Elməddin Muradlı əlavə edib.

Xatırladaq ki, mühərrik yağlarının da qiymət dinamikası ötən aylarda yüksəlib. Belə ki, 45-50 manata satılan mühərrik yağlarının qiyməti artıq 60-65 manata qədər yüksəlib.

Nərmin Vüqarqızı