Komitə sədri şəhid atası ilə görüşdü

 18:11 15.07.2022     1262

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qəhrəman şəhidimiz Cavid Hüseynovun atası Natiq Hüseynovla görüşüb.

Redaktor.az xəbər verir ki, görüş Tovuz rayonununda keçirilib.

Şəhid atası ilə onu maraqlandıran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparan Komitə sədri 19 yaşlı şəhid, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif olunmuş Cavid Hüseynovun (03 aprel 2001, Tovuz – 31 oktyabr 2020, Xocavənd) işıqlı xatirəsinin hər zaman qəlblərdə yaşayacağını söyləyib.

Qeyd edək ki, Cavid Hüseynov 2001-ci il aprelin 3-də Tovuz şəhərində anadan olub. 2007-2016-cı illərdə Tovuz şəhərində N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəb-liseydə, 2016-2018-ci illərdə M.Ələkbərov adına Tovuz şəhər tam orta məktəbində təhsil alıb. Cavid Hüseynov peşəkar idmanla maraqlanıb. 2018-ci ildə Taekvando üzrə gənclər arasında Respublika çempionu olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Cavid Hüseynov oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz şəhərində torpağa tapşırılıb.

Ruhu şad olsun!