Bu abonentlərin qaz təchizatı dayandırılır

 17:04 15.07.2022     199

“İyul ayında 1554 borclu abonent Qəza-çağrı xidmətinə müraciət edib”.

Redaktor.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İB-nin Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.

Şöbə rəisi qeyd edib ki, abonentlər sərf olunan qazın ödənişini etmədikləri üçün onların qaz təchizatı dayandırılıb.

“Bu ay ərzində borclu abonentlər sərf elədiyi qazın sərfiyyata görə ödəniş etmədiyinə görə qaz təchizatı dayandırılıb. Qeyd edim ki, bununla bağlı bu il 1554 müraciət daxil olub”.

Həmçinin Xalidə Şimşək əlavə edib ki, qazı kəsilən abonentlərin qaz təchizatı 1 iş günü ərzində həyata keçirilir.

“Bu abonentlərə bir daha müvafiq izahatlar verilib ki, borcu vaxtında ödəsinlər. Yəni, bu abonentlər 1 aylıq deyil, 3 aylıq borclarını ödəmirlər, o zaman da fiziki təsir etməklə qaz təchizatı dayandırılır. Borcu ödəyən abonent bir saat ərzində həmin qazın təmin olunmasını istəyir, ancaq o, bir iş günü ərzində həyata keçirilir. Ələlxüsus da bayram günləri, həftəsonudursa, qaz bərpa olunmur”.

Nərmin Vüqarqızı