ADU-da məzun günü keçirildi - FOTOLAR

 21:39 15.07.2022     197

İyulun 15-də Azərbaycan Dillər Universitetində (ADU) 2021/2022-ci tədris ilində universitetin bakalavr və magistratura pilləsində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

Redaktor.az xəbər verir ki, tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları, ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

“Məzun günü” Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra “Gaudeamus” tələbə himni səslənib.

Tədbirdə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, ADU-nun əldə etdiyi nailiyyətlərdən danışıb.

Rektor otuz ilə yaxın işğal altında olan torpaqlarımızı azad etməklə böyük Qələbənin qazanılmasında gənclərin rolundan söz açıb, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsinin daim əziz tutulduğunu bildirib. Gənclərə öz tövsiyələrini verən akademik Kamal Abdulla vurğulayıb ki, bu gün dünyada Azərbaycanın cəsarətli siyasi, ideoloji, iqtisadi və mədəni sıçrayışına hamımız şahidiyik. Müasir Azərbaycanın inkişafında gənclərin rolu əvəzsizdir. İnanırıq ki, onlar Vətənə layiqli övlad kimi xidmət göstərəcəklər.

Tədbirdə müxtəlif ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin deputatları təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.

Çıxış edən qonaqlar ADU-nun son illərdə qazandığı uğurları, geniş beynəlxalq əlaqələri, məzunlarının yüksək bilik göstəriciləri haqqında danışıb, təhsil ocağının fəaliyyətini yüksək qiymətləndiriblər.

Mərasimdə Vətən müharibəsi iştirakçısı olmuş məzun qazilərə, akademik göstəriciləri yüksək olan və fəallığı ilə seçilən məzunlara universitetin rəhbərliyi tərəfindən fəxri fərmanlar verilib.

Tədbirin bədii hissəsində Fikrət Əmirovun “Min bir gecə” baletinin sədaları altında Qarabağın milli geyimlərindən ibarət dəfilənin nümayişi olub. Həmçinin ADU-nun “Dalğa” rəqs ansamblı Fikrət Əmirovun “Qarabağ inciləri” musiqisinin sədaları altında çıxış edib.

222