Azərbaycanda kartla ödənişlərdə problem yaşandı - YENİLƏNİB

 12:54 16.07.2022     504

Ötən axşam Azərbaycanda nağdsız ödənişlərdə problem yaşanıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı çoxlu sayda sosial şəbəkə istifadəçisi paylaşım edib. Qeyd olunub ki, problem əsasən, supermarketlərdə və yanacaqdoldurma məntəqələrindəki ödənişlər zamanı baş verib.

Bundan başqa müştərilər bəzi bank xidmətlərinin də aktiv olmadığını bildiriblər. Onların sözlərinə görə, dünən axşam kartdan karta pul köçürmələri etmək də mümkün olmayıb. 

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməsə də, ekspertlər bildirib ki, problem banklararası ödəniş sistemində aparılan texniki işlərlə bağlı olub. İnformasiya Texnologiyaları üzrə mütəxəssislər qeyd ediblər ki, Banklararası Kart Mərkəzində aparılan təkmilləşdirmə işləri ilə bağlı dünən saat 22:00-dan başlayaraq 2-3 saat ərzində ölkədaxili kart əməliyyatlarında məhdudiyyətlər yaşanıb.

Qeyd edək ki, sözügedən problem 3-4 saat davam edib və hazırda ölkə üzrə nağdsız ödənişlərdə hər hansı problem yoxdur.

***

Mərkəzi Bankdan isə "qafqazinfo"ya bildirilib ki, Azərbaycanda kartla ödənişlərlə bağlı profilaktik işlər aparıldığı üçün qısamüddətli yubanmalar yaşanıb, hazırda ödənişlər və köçürmələrlə bağlı heç bir çətinlik yoxdur.