Qələbəmiz, qazilərimiz, sui-istifadəçilər və alacağımız ibrət dərsləri - Musa Qasımlı yazır

 14:01 16.07.2022     682

Redaktor.az millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının məqaləsini təqdim edir.

Baş verən son hadisələr və bundan bəzi siyasi qüvvələrin, hətta müəyyən elm adamlarının sui-istifadə etmək cəhdləri bir sıra suallar yaradır.

Qələbəmiz və dövlətimizin siyasəti

Hamı bilir ki, 44 günlük müharibədə millətimiz və dövlətimiz mövcud olduqca yaşayacaq şəhidlərimizin canı, qazilərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığı, bütün millətimizin cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşməsi hesabına torpaqlarımız düşmən işğalından azad edildi, xəyallarımız gerçəkləşdi, millətimizin üstündəki ləkə silindi.

Dövlətimiz bir tərəfdən müharibə apararkən, digər tərəfdən də hərbi əməliyyatlar zamanı yaralanan igid oğullarımıza xüsusi qayğı göstərdi. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müalicə alan yaralılarla dəfələrlə görüşdülər. Müharibədən sonra dövlətin sosial siyasətinin üstün istiqaməti şəhid ailələrinin və qazilərin problemlərinin həlli elan edildi. Qısa müddətdə minlərlə şəhid ailəsinə, qaziyə və müharibə iştirakçısına mənzil, avtomobil verildi, onlar işlə təmin olundular, pensiya təminatı həll edildi. Yaralıların müalicəsi ölkə daxilində və xaricdə təmin olundu. Şəhid övladlarının və qazilərin təhsil xərcləri dövlət tərəfindən ödənilir. Bu və digər işlər indi də davam etdirilir.

Müharibənin ağır izləri: gerçəklər nə deyir?

Tarix boyu müharibələr özlərindən sonra iştirakçılarında həmişə ağır sosial, fiziki və psixoloji izlər qoyub. Hətta qalib ölkənin keçmiş hərbçilərinin bəziləri bir tərəfdən özlərini qəhrəman kimi aparıb, digər tərəfdən isə onlar üçün hökumətin etdiklərinin az olduğunu düşünüblər. Məsələn, Birinci Dünya müharibəsində qalib gəlmiş Böyük Britaniyada evlərinə dönən əsgər və zabitlərin bəziləri dövlətin onlara xüsusi qayğı göstərməsinə baxmayaraq, narazı idilər, daha çoxunu istəyirdilər. Yaranan sosial narazılıq siyasi həyata, hakimiyyətin fəaliyyətinə mənfi təsir edirdi. Birinci və İkinci Dünya müharibələrində qalib dövlətlərin ordularından tərxis edilənlər arasında özünə qəsd edənlər də olmuşdu. Məğlub dövlətlərdə isə vəziyyət daha acınacaqlı idi. Amma hakimiyyət orqanları belə halları ictimailəşdirmir, başqa səbəblərdən baş verdiyini cəmiyyətə təqdim edirdi. Bəzən də bu barədə heç xəbər verilmirdi. İndi isə o zaman deyil, sosial şəbəkələr mövcuddur, dünyanın bir yerində baş verən hadisədən digər yerlərində dərhal xəbər tutulur.

Müharibədən sonra ötən illər ölkəmizdə bu sahədə bir sıra gerçəkləri göstərdi. Birincisi, 44 günlük müharibədə səngərlərdə qarın-yağışın, düşmənin tank, top və raketlərinin atəşi altında qalan, ağır döyüşlərdən qəhrəmancasına çıxan müharibə iştirakçılarının bəziləri yanlış olaraq belə düşünürlər ki, onlar gedib döyüşüblər, arxada qalanlar isə sanki rahat yaşayıblar. Əslində isə belə deyil, bütün millətimizin qəlbi cəbhədə olanlarla bir yerdə döyünüb. Zatən, ordumuz millətimizin bağrından çıxıb. Ön cəbhədə olduğu kimi, arxa cəbhədə də hamı bacardığı qədər qələbəyə öz əməyini verib. İkincisi, açıq demək lazımdır ki, qazilərin işlərinə bəzi məmurlar laqeyd yanaşırlar, süründürməçilik var. Hətta “mən telefonla səni dinləmək istəmirəm, qəbuluma gəl”, “mən səni müharibəyə göndərməmişəm” deyən məmurlar da olub. Amma bu halların dövlət siyasəti ilə heç bir əlaqəsi yoxdur və konkret məmurla bağlıdır. Belələrinə qarşı qanun çərçivəsində lazımi ölçülər götürülür. Siyasəti aydın, konkret və birmənalı olan dövlətimiz şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının yanındadır. Üçüncüsü, yaranmış vəziyyətdə qazilərin, müharibə iştirakçılarının bəziləri haqlı və ya haqsız səbəblərdən səbirsiz olublar. Bunu da açıq demək lazımdır. Dördüncüsü, bəzi siyasi təşkilatlar, qruplar özlərinin ucuz niyyətlərinin reallaşdırmaq üçün qazilərdən istifadə etməyə, hökuməti təqsirləndirməyə iyrənc yollarla cəhd edirlər. Bunların içərisində saxtakarlıqla “millət, millət” deyib bağıran, övladlarını və qohumlarını hərbi xidmətə göndərməyən, özlərinə oğurluq yollarla, cinayətkarlıqla sərvətlər yığan, Azərbaycanda və xarici ölkələrdə hündürmərtəbəli binalar, villalar tikən, turist kompleksləri, bahalı maşınlar alan, xirtdəyi deyil, təpəsinə qədər çirkaba batan, adı olan, özü isə gerçəkdə olmayan riyakar partiya sədrləri də vardır. Millət onları yaxşı tanıyır. Belələri həmişə qarışıqlıqdan istifadə edib özlərinin sərvətlərini acgözlüklə artırıblar. Beşincisi, bu hadisədən sui-istifadə edənlərin sırasında uzun illər boyu korrupsiyaya uğramış keçmiş vəzifəlilərin gizli əllərinin olması ehtimalını irəli sürmək olar. Bəzən belə təəssürat yaranır ki, müharibədə qalib gəlməyimizi istəməyənlər də aramızda var. Nəhayət, cəmiyyətimizin ziyalı təbəqəsi həmin narazı qazilərin yanında istənilən səviyyədə olmayıb, lazımi söhbətlər etməyib.

Baş verən hadisədən sui-istifadə etmək cəhdləri utancvericidir. Çünki insan acısından özünün siyasi məqsədləri üçün istifadə etmək, qazanılan qələbəyə kölgə salmaq niyyətləri həm millətimizə xas olan yüksək milli-mənəvi keyfiyyətlərdən, həm də ədalətli, əxlaqlı siyasi mübarizə qanunlarından kənardır. Qazilərin üzərindən siyasət yürütməzlər. Başqasının bədbəxtliyi üzərində özünün cılız siyasi iddialarını həyata keçirmək, “xoşbəxtliyini” qurmaq olmaz. Azərbaycan milləti və dövləti buna heç bir zaman icazə verməz.

Cəmiyyətimizin, ziyalılarımızın mövqeyi və ibrət dərsləri?

Baş verən hadisəyə cəmiyyətin sərt reaksiya verməsi həssas nöqtənin harada olmasının göstəricisidir. Bu, sosial məsələlərlə məşğul olan müvafiq qurumlara aydın bir işarədir.

Təbiidir ki, tarix boyu cəmiyyətlər mövcud olduqca nöqsanlar da olub, var və bundan sonra da olacaq. Bütün dünyada belədir, mükəmməl heç bir şey yoxdur. Lakin o cəmiyyətlər irəli gedir ki, nöqsanlarını müəyyənləşdirir, bu gün dünənə, sabah da bu günə nisbətən inkişaf edir, problemlərinin həllini inqilablarda, dağıdıcılıqda deyil, islahatlarda, təkamül yolunda görür. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə islahatların aparılması da həmin niyyətlərdən irəli gəlir.

Baş verən hadisə bir sıra ibrət dərsləri verir. İlk növbədə, qazilərin məsələləri ilə məşğul olan məmurların qapıları açıq olmalıdır. Məmurlar müharibə iştirakçılarını səbrlə dinləməli, dövlətin siyasətini vicdanla yerinə yetirməlidirlər. Bu işin öhdəsindən gəlməyən, qaziləri dövlətdən narazı salan məmurlara qarşı qanunların çərçivəsində sərt tədbirlər davam etdirilməlidir. Hər hansı bir məmurun mənfi hərəkətini dövlətin, hökumətin ayağına yazıb ümumi siyasətə xələl gətirmək hallarının qarşısı qanunun bütün sərt tələbləri ilə amansızlıqla alınmalıdır. Ehtiyacı olan qazilərin bərpa, reabilitasiya işlərinə diqqətin artırılmasının zəruriliyi qənaətindəyəm. İkincisi, vəziyyətdən sui-istifadə edənlərin arasında bəzi elm adamlarının olması yaxşı bir hal deyildir. Çünki elm adamı ilk növbədə öz işi ilə məşğul olmalı, tədqiqat aparmalı, fayda verməli, cəmiyyəti qarşıdurmalardan, toqquşmalardan çəkindirməli, doğru yolu göstərməlidir. Hər hansı başqa hərəkət canlarını fəda edən şəhidlərin müqəddəs ruhuna, qanlarını tökən qazilərə hörmətsizlikdir. Üçüncüsü, ölkəmizdə fikirlərin, ideyaların toqquşması olmalıdır, əzələlərin, yumruqların deyil. Problemlər küçələrdə deyil, masa arxasında həll edilməlidir. Tariximizin təcrübəsi göstərir ki, ölkəmizdəki siyasi qrup və təşkilatlar münasibətlərini küçədə həll etmək istədikdə biz bir millət olaraq həmişə geri getmişik, torpaqlarımızı itirmişik. Unutmamalıyıq ki, Ermənistan həyasızlığını davam etdirir və müharibə təhlükəsi hələ də qalır. Ona görə də indiki şəraitdə qazilərdən istifadə etmək istəyənlərin, kütləvi itaətsizliyə çağıranların, dövləti tənqid edənlərin fəaliyyəti bilərəkdən və ya bilməyərəkdən düşmənlərimizin, bədxahlarımızın işinə yarayır. İstər-istəməz onlar eyni cərgədə səf tutmuş olurlar. Nəhayət, bilməliyik ki, vətənin coğrafi-siyasi siyasi sərhədlərini aşandan sonra xaricdə siyasi partiya, qrup maraqları deyil, vətənimizin, dövlətimizin maraqları üstün olmalıdır. Çünki bizim hər birimiz bu dünyada müvəqqəti, vətənimiz, millətimiz və dövlətimiz isə əbədidir. Kimsə vətəndaşlığını dəyişə bilər, amma azərbaycanlı qanını dəyişdirmək mümkün deyildir. Biz təkcə Ermənistana deyil, onun havadarlarına qalib gələrək torpaqlarımızı işğaldan azad etmiş qalib bir millətik. Elə isə gəlin, qələbəmizə kölgə salmayaq, nöqsanlarımızı səbrlə aradan qaldırmağa, dövlətimizin və millətimizin sabit bir şəraitdə inkişafına çalışaq. Yalnız o zaman elm adamları və ideoloji yönümündən asılı olmayaraq, siyasi partiya rəhbərləri millətimizin arasında başı uca gəzə bilər...