Həcc ziyarətinə gedən zəvvarlarımız vətənə qayıdırlar

 11:25 18.07.2022     369

Sabahdan etibarən Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar geri dönəcək.

Redaktor.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Həcc Missiyasının elektron sistemi üzrə məsul şəxsi Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, iyulun 19-u və 20-i hər ikisində iki reys olmaqla zəvvarların geri dönüşü təşkil olunacaq:

“İlk reys sabah Bakı vaxtı ilə 09:30-da Mədinə Beynəlxalq Hava Limanından yola düşəcək və 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına çatacaq. Sabah ikinci reys isə Bakı vaxtı ilə 19:30-da yola düşəcək və 22:50-də çatacaq. Sabah hər iki reysdə 180 nəfər olmaqla ümumilikdə 360 zəvvar geri dönəcək. İyulun 20-də də təyyarələr eyni saatda yola düşəcək. İlk reysdə 180, ikinci reysdə isə 130 zəvvar geri dönəcək”.

Vüsal Cahangiri deyib ki, bu günlərdə zəvvarlar Peyğəmbərin Rövzeyi-şərifini ziyarət edir və Mədinənin tarixi yerlərinin gəzintisinə çıxırlar (apa.az).