“Xaliq Faiqoğlu”nun avtobuslarında kondisionerləri niyə qoşmurlar? - AÇIQLAMA

 12:17 18.07.2022     1393

“Bu şikayəti yazdığım bu dəqiqələrdə 135 nömrəli avtobus ilə yol gedirəm. Sürücü sərnişinlərin xahişinə baxmayaraq kondisioneri qoşmur”.

Bu barədə həmin avtobusun sərnişini Orxan Talıbzadə “Facebook”da məlumat yayıb.

“Əvvəllər də bu hal ilə tez-tez rastlamışam. Sürücülər deyir 20:00-dan sonra kondisioner qoşmağı müdiriyyət qadağan edib. Bu barədə "Xaliq Faiqoğlu" şirkətinə “facebook”da müraciət etdim, inkar etmədilər, dedilər bəlli temperaturlarda kondisioner qoşulur, sonra isə ümumiyyətlə, söhbəti dəyişib söz oyunu apardılar. Şərhlərimi isə səhifədən sildilər”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, həmin paylaşımın şərh bölməsində digər sərnişinlər yazıblar ki, 18 nömrəli marşrut xəttində də eyni problemlə tez-tez üzləşirlər.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev Redaktor.az-a bildirdi ki, təmsil etdiyi şirkət fəaliyyətini müasir standartlara uyğun təşkil edir. Dediyinə görə, “Xaliq Faiqoğlu" Bakı şəhərində, Xırdalan və Abşeron rayonunun bir neçə qəsəbəsi istiqamətində əksəriyyəti müasir Avro-5 və Avro-6 standartlara cavab verən avtobuslarla sərnişinlərə xidmət göstərən yeganə özəl daşıyıcı şirkətdir. Belə ki, sərnişinlərin rahat və təhlükəsiz daşınması məqsədilə son illərdə yerli və beynəlxalq maliyyə institutlardan kreditlər cəlb etməklə avtobus parkı əsaslı şəkildə yenilənib və bu istiqamətdə layihələr davam edir.

“İstismarımızda olan marşrut xətləri üzrə avtobuslarda yay aylarında kondisioner sistemlərinin işləkliyini daim saz vəziyyətdə saxlamaq məqsədilə tərəfimizdən mobil operativ texniki qrup yaradılıb. Bu qrupa həm yerli, həm də xaricdən dəvət edilmiş ixtisaslı mütəxəssislər daxildir. Bəzi hallarda gün ərzində yaranan texniki nasazlıqlar dərhal operativ şəkildə həll edilir.

Hazırda istismarımızda olan marşrut xətləri üzrə müasir avtobusların hər hansı birində kondisioneri işləməyən avtobus yoxdur. Həmçinin qeyd edim ki, bəzən hava şəraiti sərin keçdikdə sərnişinlərin bir qisminin tələbi olarsa, kondisioner söndürülə bilər. Bu kimi mübahisəli hallarda sürücülər avtobusda sərnişinlərin ümumi qərarına əsaslanaraq kondisioneri söndürə, yandıra, havanın sərinliyini tənzimləyə bilər”, - Nizam Rzayev əlavə edib.

Sərnişinlə “Faiqoğlu” şirkətinin yazışmalarını təqdim edirik:

Nərmin Vüqarqızı

222