"Prezidentin xəbərdarlığından Rusiya hərbi kontingenti düzgün nəticə çıxarmalıdır" - Deputat

 15:59 18.07.2022     1426

“10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir”.

Bu fikirləri Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Prezident son 6 ayın yekununa dair çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə xüsusilə toxunub. Onun sözlərinə görə, 30 ildən artıqdır ki, ölkəmizdə mövcud olan, hətta bu gün də fəaliyyətini davam etdirən separatçı cinayətlər, terrorçu, tanınmayan, ermənilərin “Artsax” adlandırdığı qurum mövcuddur.

“Hansı müstəqil, suveren dövlət qəbul edər ki, onun ərazisində işğalçı dövlətin qanunsuz silahlı qüvvələri mövcud olsun? “Artsax” deyə bir qurumun varlığı müstəqil suveren dövlət üçün onun ərazi bütövlüyünün tam qaydada təmin olunmasında yolverilməz və qəbuledilməzdir. Bu, çox ciddi bir təhlükədir. Buna görə də, bu barədə həm Rusiya Federasiyası, həm Avropa İttifaqı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər”,- deyə deputat qeyd edib.

E.Məmmədov əlavə edib ki, Rusiya hərbi kontingenti Azərbaycan ərazisinə daxil olduğu müddətdə onunla paralel Ermənistan dövlətinə məxsus silahlı birləşmələr Azərbaycan ərazisini tamamilə tərk etməli idi:

“Ancaq bu günə kimi də hələ bu proses başa çatmayıb. Belə görünür ki, onlar bunu heç etmək fikrində də deyil. Əksinə, Rusiya Federasiyasına məxsus olan həmin hərbi kontingent Azərbaycan ərazisində həmin erməni silahlı birləşmələrini, eyni zamanda separatçı quruma məxsus silahlı birləşmələri təlimatlandırmaq və gücləndirməklə, təlim keçməklə və müdafiə istehkamları qurmaqla məşğuldur.

Bu səbəblə hesab edirəm ki, müşavirədəki çıxış Cənab Prezidentin çox ciddi xəbərdarlığı idi. Bu xəbərdarlıqdan xüsusilə Rusiya hərbi kontingenti düzgün nəticə çıxarmalı və vasitəçi kimi öhdəsinə götürdüyü nə varsa, yerinə yetirməlidir”.

Milli Məclisin deputatı dövlət başçısının müşavirədəki çıxışını əsas tutaraq vurğulayıb ki, əks təqdirdə Azərbaycan dövləti öz ərazi bütövlüyünü tam təmin etmək üçün və ərazisini kənar dövlətlərin silahlı birləşmələrindən, eyni zamanda separatçı və terrorçulardan təmizləmək üçün lazımi səviyyədə ciddi tədbirlər görəcək.

“Qarabağı düşməndən, işğalçıdan, terrorçudan təmizləmək üçün bütün vasitələrdən, o cümlədən hərbi gücümüzdən istifadə etmək məcburiyyətində qalacağıq. Əgər qarşı tərəf könüllü şəkildə ərazimizi tərk etməsə, biz məcburuq ki, bunların hamısını icra edək”.

Xatırladaq ki, 10 noyabr Bəyannaməsinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Lakin sənədin imzalanmasından 1 il 6 ay ötməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanı tərk etmir.

Nərmin Vüqarqızı