Gömrük Komitəsi Maliyyə Nazirliyinə birləşdirilə bilər - Deputatdan AÇIQLAMA

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son günlərdə Dövlət Gömrük Komitəsinin (DGK) bir neçə vəzifəli şəxsini həbs edib.
Bunun ardınca Prezident İlham Əliyev DGK-nın sədri Səfər Mehdiyevi vəzifəsindən azad edib.
Baş verən hadisələrdən sonra DGK-nın ləğv olunaraq İqtisadiyyat Nazirliyinə birləşdiriləcəyi barədə ehtimallar səsləndirilir.
Bununla bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, bu kimi struktur dəyişiklikləri zaman-zaman həyata keçirilir.
“Gömrük Komitəsi büdcənin gəlir və xərclərini tənzimləyən bir qurumdur. Buna görə mümkündür ki, Maliyyə Nazirliyinin və ya İqtisadiyyat Nazirliyinin tərkibində olsun. Ayrıca bir qurum kimi də fəaliyyət göstərə bilər. Önəmli olan odur ki, Prezidentin qarşıya qoyduğu məqsədlər həyata keçirilsin. Şəffaflığın qorunması, korrupsiya hallarının qarşısının alınması başlıca məqsəddir”,- deyə o, vurğuladı.
Deputat qeyd etdi ki, DGK-nın hansı qurumun tabeliyində olması struktur islahatlarının effektivliyini göstərən amillərdən biridir:
“Hesab edirəm ki, dövlət büdcəsinin gəlirləri ilə məşğul olan bütün qurumlar bir qurumda birləşsə, daha yaxşı olar. Fərqi yoxdur, hansı qurumun tərkibindədir, önəmli olan eyni qurumda olmasıdır”.
Xatırladaq ki, 2019-cu ildə Vergilər Nazirliyi ləğv edilərək İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.
Nərmin Vüqarqızı