Karantin xəstəxanaları yenidən açılacaq? - RƏSMİ

 17:43 18.07.2022     2703

Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş xüsusi rejimli xəstəxanalar və modul tipli xəstəxanalar bir neçə ay öncə yoluxma sayının kəskin azalması ilə əlaqədar fəaliyyətini dayandırıb. 

Lakin son bir həftədə ölkəmizdə COVİD-19-a yoluxma sayında kəskin artım müşahidə olunur. Hətta rəsmi qurumlar əhalini qapalı yerlərdə maskadan istifadə etməyə, sosial məsafə gözləməyə çağırış edirlər.

Maraqlıdır, yoluxma sayının kəskin artması ilə karantin xəstəxanaları yenidən fəaliyyətə başlaya bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Zamirə Ədilova bildirdi ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.

“Fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilir və təhlil aparılır. Hazırda mövcud çarpayı sayı yetərlidir”, - deyə qurumun sözçüsü qeyd edib.

Nərmin Vüqarqızı