Rasilə Arifqızının adı icra hakimiyyətinin saytından silindi - FOTO

 16:00 19.07.2022     1945

Xəbər verdiyimiz kimi, orta məktəb şagirdini döyməkdə təqsirləndirilərək barəsində cinayət işi başlanan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Rasilə Arifqızı vəzifəsindən azad edilib.

Bununla bağlı icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.

R.Arifqızının işdən çıxarılması ilə bağlı rəsmi məlumata baxmayaraq, icra hakimiyyətinin rəsmi internet səhifəsində adı gedən şəxsin hələ də aparat strukturunda Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində olduğu göstərilib. Bu da ictimaiyyətdə və mətbuatda çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı Lənkəran İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Asif Əliyev ilə əlaqə saxladıq.

O, Redaktor.az-a bildirdi ki, bu barədə çoxsaylı müraciətlərdən sonra R.Arifqızının məlumatları saytdan çıxarılıb.

“Rəsmi saytımızda həmin şəxsin məlumatları silinib. Ola bilər ki, “google”dan axtarış verirsiniz, bu səbəblə köhnə məlumat çıxır. Çoxsaylı müraciətlərdən sonra mən də daxil olub gördüm ki, həmin məlumat görünür, amma bu gün səhər saatlarında həmin yazı silinib”, - deyə A.Əliyev qeyd edib.

Nərmin Vüqarqızı

22