"Bu gün artıq Azərbaycanın Avropanı qazla təmin etməsinə ehtiyac var" - Deputat

 16:21 19.07.2022     691

“Azərbaycan son illərdir, hər ay energetika sahəsində daha nüfuzlu ölkə kimi tanınır. Bu gün artıq Azərbaycanın Avropanı qazla təmin etməsinə ehtiyac var. Avropanın ümumilikdə 500 milyard kubmetr qaza ehtiyacı var. Hazırda 8 milyard kubmetr qazla Avropanı təmin etsək də, bir neçə ilə bu rəqəm 20 milyarda çatacaq”.

Bunu Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Türkmənistanla birləşsək və Transxəzər qaz borusunun tikilməsinə nail ola bilsək, Türkmənistan qazını da alıb Avropaya ötürə bilərik.

“Bu zaman düşünürəm ki, Azərbaycan Avropaya ötürəcəyi qazın həcmini 100 milyard kubmetrə çatdıracaq. Bu, təbii ki, uzaq gələcəklə bağlıdır. Amma texniki olaraq mümkündür. Çünki Azərbaycan və Türkmənistan qazla zəngin ölkələrdir. Bu barədə hər iki ölkə rəhbərliyinin siyasi qərarı ortaya qoyulub və bu biz məsələ üzərində işləyirik.

4 il ərzində Avropaya 30 milyard həcmində qaz ixrac edəcəyik. Bu, böyük rəqəmdir. Azərbaycan Avropa üçün alternativ qaz ölkəsidir. Hansı ki, iqtisadi alətləri siyasət üçün istifadə etmir”, -  millət vəkili deyib.

Rüfət Quliyev qeyd edib ki, bu qaz borusuna etiraz edən qonşularımız da olacaq:

“Burada konkret söhbət İran və Rusiyadan gedir, çünki onların bu məsələ ilə bağlı heç bir marağı yoxdur”.

Avropa İttifaqı ilə imzalanmış sazişin əhəmiyyətindən danışan Tahir Mirkişili bildirdi ki, Azərbaycan bütün ölkələrlə xarici ticarətimizi artırmağa, o cümlədən qaz, neft məhsullarınının ticarəti ilə bağlı əməkdaşlığa hazırdır:

"Bu, bizim üçün şad xəbərdir. Qeyd etmək lazımdır ki, Avropa İttifaqı rəhbəri Ursula Fon der Lyayenin Azərbaycana gəlməsi, sənədə şəxsən imza atması göstərir ki, Azərbaycana ciddi formada fikir verirlər. Son bir ildə Avropadan Azərbaycana onlarla mötəbər siyasətçilər, beynəlxalq qurumların rəhbərlikləri gəlib. Gəlişləri də sırf iqtisadi maraqlardır”.

Deputat vurğulayıb ki, bu, Prezident İlham Əliyevin xarici siyasətinin qələbəsidir.

Qeyd edək ki, “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” Azərbaycan Prezidenti İlham Əliyev və Aİ rəhbəri Ursula Fon der Lyayen tərəfindən imzalanıb.

Nərmin Vüqarqızı