"Çox sevinirik ki, qayıdış Zəngilandan başladı" - Qulu Məhərrəmli

“Bu tarixi qayıdışdır. Çox sevinirik. Uzun illərdən, təxminən 30 ildən sonra o torpaqlar öz sahiblərinin nəfəsi ilə qızır. Çox sevinirik ki, qayıdış Zəngilandan başladı. İnsanlar öz doğma yurdlarına köçürlər”.
Bu sözləri Redaktor.az-a Zəngilanın Ağalı kəndinə ilk sakinlərin köçürülməsi barədə sevincini bölüşən tanınmış jurnalist, əslən zəngilanlı Qulu Məhərrəmli dedi.
“Əlbəttə ki, Zəngilanı məcburi tərk edənlərin arasında dünyasını dəyişənlər var. Bu gün onların da övladları, qohumları köçür. Bu torpaqlarda həyat yenidən canlanır. Yeni bir kənd, yeni bir struktur yaradılıb. Dünyada analoqu olmayan ağıllı kənddir. Təqdir edirik. İnanırıq ki, tezliklə bütün köçmək istəyən Zəngilan camaatı geriyə qayıdacaq.
Cəbrayıl bərpa olunsun, Füzulidə işlər qaydaya düşsün, Laçın, Qubadlı, Şuşaya camaat köçsün, Kəlbəcər yenidən canlansın, İstisuya get-gəl olsun, Ağdam, Xocavənd, Xocalı öz sahiblərini qarşılasın”, - jurnalist bildirdi.
Onu sözlərinə görə, Ağalı onlara qonşu kəndlərdən biri olub:
“Ağalı kəndi mənim doğulduğum kənddən 1 km yuxarıdadır, qonşu kənddir. Hesab edirəm, tezliklə bizimkilər də Zəngilana köçməyə hazırlaşmalıdırlar. Sevinirik və arzu edirik ki, proses sürətlənsin. İnsanlar öz doğma yurdlarına qayıtsınlar və tamamilə yeni həyata başlasınlar”.
Xatırladaq ki, 30 ilə yaxın müddətdən sonra azərbaycanlıların həsrətlə gözlədiyi tarix gəlib çatıb. Bu gün Zəngilan rayonunun Ağalı kəndinin 58 sakini - 10 ailə doğma yurduna qayıdıb.
Qeyd edək ki, bu ayın sonuna qədər ümumilikdə 201 sakinin - 41 ailənin Ağalıya yerləşdirilməsi nəzərdə tutulub.
Nərmin Vüqarqızı