“Komedixana”nı mən tənqid etmişəmsə, Milli Məclisin buna nə aidiyyəti?” - Deputat

 14:22 20.07.2022     1294

Xəzər TV-də yayımlanan "Komedixana" verilişinin növbəti buraxılışında Milli Məclisin deputatı Etibar Əliyev tənqid olunub.

Səhnəcikdə aktyor Ənvər Abbasov deyir:

“Milli Məclis park zaddı orada oturur? Orada danışmaq lazımdı, orada oturmaq lazım deyil. "Komedixana" aydındı, bilinir ki, biz burada insanları güldürürük. Etibar müəllim də özünü pis güldürməyib. Sən gəl Etibar müəllimin xəbərini vur hava proqnozuna. Yaz ki, Bakıda bərk külək əsdi”

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirdi ki, dünyada ən çox tənqid olunan sahələrdən biri komediyalardır:

“İnsanlarda həmişə gülüş aclığı olur. Mən öz ifadəmdə elə də ağır bir ifadə işlətmədim. Sadəcə gənclərə təlxəkliyi təlqin etmək barədə danışdım, kiməsə konkret olaraq təlxək demədim. Amma onlar öz tamaşalarında deputatlara, Milli Məclisə qarşı kəskin ifadələr işlədiblər.

Mənim özümü kiməsə tanıtmağa ehtiyacım yoxdur, hər kəs məni Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü kimi tanıyır, kim olduğumu bilir. Mən də heç onları tanımıram”.

Deputat qeyd edib ki, hər kəsin istənilən məsələyə münasibət bildirmək haqqı var.

“Mən sadəcə tənqid etdim. O mənada ki, bəlkə tənqidim onlara gələcəkdə kömək edər. Yəni bir az da  təkmilləşsinlər. Onların bu səhnəcikləri çox şitdir və yumor adına yaraşmayan bir şeydir.

Əgər tənqid istəmirlərsə, tənqid etməyək. Amma onda bu şitlik hara qədər gedəcək? Kişi qadın rolu oynayır, qadın kişi rolu oynayır. Əgər Mədəniyyət və İncəsənət Universiteti ilə 200 məzun yetişdirirsə, qadının özü niyə qadın rolunu oynamır və ya əksinə. Pedaqoq kimi deyirəm ki, bütün hallarda onların quraşdırdığı səhnəcikləri yumor hesab etmirəm. Onlar etikadan kənar çıxmamalı idilər. “Komedixana”nı mən tənqid etmişəmsə, Milli Məclisin buna nə aidiyyəti?”

Nərmin Vüqarqızı