DYP əhaliyə müraciət ETDİ

 14:53 21.07.2022     679

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

İdarədən Redaktor.az-a daxil olan müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış yağacağı barədə verilən proqnozla əlaqədar, Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edir.

Sürücülər meteoroloji şəraitə uyğun sürət həddi seçməli, küləkli havada yolun kənarları qapalı olan hissəsindən və ya tunellərdən açıq əraziyə çıxarkən, həmçinin çöllükdə avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə almalı, nəqliyyat vasitələrini tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, ümumiyyətlə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar".

Qeyd edilib ki, yağışlı havalarda yol örtüyünün yaş olması sürüşmə ehtimalını artırdığı üçün sürücülər yol və meteoroloji şəraiti nəzərə alaraq kifayət qədər ara məsafəsi saxlamalı, sürət həddini minimuma endirməli, ötmə və manevretmə zamanı diqqətli olmalı, eləcə də nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarını təmiz saxlamalı, şüşə silgəcləri və şüşəyuyanların, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməlidirlər:

"Piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər".