İlham Əliyev SOCAR-a yeni prezident TƏYİN ETDİ

 15:54 21.07.2022     578

Rövşən Çingiz oğlu Nəcəf Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti təyin edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə o, SOCAR-ın I vitse-prezidenti vəzifəsindən azad olunub.

Xatırladaq ki, R.Nəcəf 1982-ci ildə apelin 9-da Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olaraq 2001-ci ildə bakalavriat, 2003-cü ildə isə magistratura səviyyəsini fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə SOCAR-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

2012-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamış və 2002-ci ilin sentyabrın 2-dək orada çalışıb. 2003-cü ilin dekabrın 16-dan İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsinin mütəxəssisi təyin olunaraq həmin şöbədə məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb, 2007-ci ilin fevralın 1-dən iyunun 8-dək Xarici investisiyalar və texniki yardımların əlaqələndirilməsi şöbəsinin Xarici investisiya müqavilələri və investisiya layihələri sektorunun müdiri işləyib.

02.07.2008-23.02.2009-cu illərdə SOCAR-ın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Hesabat şöbəsində iqtisadçı, 23.02-07.05.2019-cu ildə isə həmin İdarənin Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009-cu ilin mayın 12-dən dekabrın 29-dək İqtisadi İnkişaf Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin müdir müavini, 29.12.2009-21.04.2010-cu illərdə həmin şöbənin müdiri, 2010-cu ilin aprelin 21-dən dekabrın 15-dək nazirin köməkçisi, 16.12.2010-05.11.2012-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktorunun müavini, 05.11.2012-11.05.2018-ci illərdə İcraçı direktoru vəzifələrində çalışıb.

2018-ci ilin mayın 11-dən 2019-cu ilin avqustun 28-nə qədər Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

2019-cu ilin avqustun 28-dən Azərbaycan Prezidentinin Sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

2020-ci il fevralın 11-də iqtisadiyyat nazirinin müavini, 2022-ci il fevralın 10-da isə SOCAR-ın I vitse-prezidenti təyin edilib.

Evlidir, 2 övladı var.

2