Azərbaycanda bərpaolunan enerji istehsalı potensialı yüksək dəyərləndirilir

 11:18 22.07.2022     481

 

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib.

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

   Bərpaolunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün, bu, Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə və ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının məsləhətçisi