Saleh Məmmədov bu rayonun vətəndaşlarını qəbul etdi - VİDEO

 21:21 22.07.2022     262

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Cəlilabad rayonunda vətəndaşları qəbul edib.

Redaktor.az-a sözügedən agentlikdən verilən məlumata görə, qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilən qəbulda Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilərək şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, son 6 ay ərzində regionlarda 77 nəfər vətəndaşın müraciəti dinlənilmiş və həlli yolu istiqamətində İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.  

Bununla yanaşı “Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında qanun”a uyğun olaraq, son 6 ay ərzində müraciət etmiş 83 nəfər vətəndaş Agentliyin inzibati binasında rəhbərlik tərəfindən qəbul edilib, müvafiq strukturlar tərəfindən araşdırılmış və aidiyyatı üzrə tapşırıqlar verilib.