Tranzit yükdaşımaları üçün vahid mərkəz yaradıldı

 22:06 22.07.2022     269

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclasında Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılması haqqında qərar qəbul olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətndən Redaktor.az-a verilən xəbərə görə, qərargahın əsas məqsədi - sərhəd-keçid məntəqələrində aparılan prosedurların asanlaşdırılması və elektronlaşdırılması, aparılan tranzit əməliyyatlarının sinxronizələşmiş planlaşdırılması və vahid dispetçer tərəfindən idarə edilməsi proseslərinin təkmilləşdirilməsidir. Ölkə maraqlarından çıxış edən Qərargah əməliyyatların monitorinqini aparacaq və mütəmadi olaraq Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim edəcək.

Tranzit zamanı yükdaşıyıcıların problemlərinin operativ həlli üçün Qərargahda “Çağrı Mərkəzi” yaradılacaq.

Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Terminalı Limanı ərazisində aparılan əməliyyatlar üzrə “Tranzit yüklərin daşınması zamanı əməliyyatların idarə edilməsi üzrə Prosedur Qaydalar”ı imzalanıb. Sənəd yüklərin emalı, əməliyyatların ardıcıllığı və müddətlərin sənədləşdirilməsi proseslərini tənzimləyir. Qərara alındı ki, digər sərhəd-keçid məntəqələrində də analoji sənəd qəbul olunsun.

Bildirilib ki, yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində “Tranzit Yol Xəritəsi” tərtib edilib. Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta və uzunmüddətli məqsədləri müəyyən edir.

Qeyd edilib ki, Şərq-Qərb və Şimal-Qərb istiqamətləri üzrə tranzit yükdaşımaları (boru istisna olmaqla) 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2022-ci ilin eyni aylarında müvafiq olaraq 325 min ton (15% artım) və 873 min ton (205% artım) artaraq 2.5 milyon ton və 1.3 milyon ton olub.

2022-ci ilin yanvar-iyun ayları ərzində BTC neft kəməri boyunca 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə Türkmənistan mənşəli neftin nəqli 746 min ton (155%) artaraq 1.2 milyon ton təşkil edib.

Yalama - Böyük Kəsik istiqamətində neft məhsulları (xüsusilə Qazaxıstan mənşəli neft məhsulları) dəmir yolu vasitəsilə eyni dövr ilə müqayisədə 2022-ci ilin ilk 6 ayında 772 min ton (707% artım) artaraq 0.9 milyon ton olub.

İclasda Azərbaycan üzərindən keçən yüklərin axıcılığını təmin etmək üçün dəmir yolu üzrə dinamik tarif siyasəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunmasını və yüksək keyfiyyətlə daşınmasını təmin etmək məqsədilə yaradılmış kollegial icra hakimiyyəti orqanıdır.