Vüqar Həşimovun xatirəsi yad olundu - FOTO

 14:45 24.07.2022     889

İyulun 24-də Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Doğum günündə yaxınları, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi, şahmatçının komanda yoldaşları ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Redaktor.az xəbər verir ki, tədbirdə çıxış edən idman jurnalisti Sənan Şəfizadə görkəmli şahmatçı Vüqar Həşimovun qazandığı qələbələrdən, onun insani keyfiyyətlərindən söz açıb. Jurnalist bildirib ki, hər il V.Həşimovun xatirəsinə həsr olunan beynəlxalq turnirlər keçirilir. “Fikirmcə Vüqar Həşimovun karyerası başa çatmayıb. Onun adına təşkil olunan yarışlar Azərbaycan şahmatının adını daim ucaldır”, – deyə vurğulanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Vüqar Həşimovun adının ölkə idmanına qızıl hərflərlə yazıldığını söyləyib: “Vüqar Həşimov kişi şahmatçılardan ibarət milli komandanın ilk Avropa çempionluğunda böyük əzmkarlıq nümayiş etdirib. Tarixi çempionluqda onun böyük rolu olub. Vüqarın adı bizə çox əzizdir. Yeniyetmələr, gənclər Vüqar Həşimovun karyerasını, onun oynadığı partiyaları öyrənməlidir. Çünki Vüqarın karyerası onlara çox böyük dəstək olacaq. Vüqarın bizimlə olmaması çox kədərlidir. Onun adı hər zaman Azərbaycan idmanında yaşayacaq. Çünki o adını ölkə idmanı tarixinə qızıl hərflərlə yazıb”.

Gənclər və İdman nazirliyinin sektor müdiri Aydın Məmmədov Vüqar Həşimovun ölkə və dünya şahmatının inkişafında böyük işlər gördüyünü deyib. Nazirlik rəsmisi Vüqarın adının daim qəlblərdə yaşadığını qeyd edib.

Vüqar Həşimovun atası Qasım Həşimov göstərilən diqqətə görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Şahmat Federasiyasına təşəkkür edib. Qasım Həşimov deyib: “Bu gün Vüqarın doğum günündə artıq 8-ci dəfə yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək. Vüqarın xatirəsinə Memorial təşkil olunur, onun adına şahmat klubu var. Amma onun partiyaları ümumiyyətlə karyerası dərindən öyrənilməlidir. Vüqarın kompüterində dəyərli təhlillər, partiyalar var. Onların hamısı öyrənilməlidi, xüsusi nəşr kimi çap olunmalıdır”.

Qeyd edək ki, bu gün Vüqar Həşimov Şahmat Akademiyasında yeniyetmə və gənclər arasında sayca 8-ci beynəlxalq turnirə start verilib. Turnirdə ümumilikdə 144 şahmatçı iştirak edir (Azərtac).

22