Lerikin yeni icra başçısı kimdir? - DOSYE

 13:32 25.07.2022     565

Xəbər verdiyimiz kimi, bu gün Lerikə icra başçısı təyin olunub. Prezident İlham Əliyevin sərəncamına əsasən Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, Ə.Abbasov 1988-ci ildə anadan olub.

O, Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavriat, Avropa London Biznes Məktəbində Maliyyə menecmenti ixtisası üzrə magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Texnoloji İnnovasiyalar İqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb.

Ə.Abbasov yeni təyinatadək Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində direktor vəzifəsində çalışıb. O, Yüksəliş müsabiqəsinin qaliblərindəndir.

Xatırladaq ki, ölkə başçısının 2 aprel 2007-ci il tarixli sərəncamı ilə Lerikə icra başçısı gətirilən Rövşən Bağırov 2021-ci ilin aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Həmin tarixdən bu günədək onun yerinə təyinat aparılmayıb (modern.az).