Balaxanıda sudan qeyri-qanuni istifadə halları aşkarlandı - VİDEO

 16:27 25.07.2022     3780

"Azərsu" ASC Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, fakt Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirləri nəticəsində üzə çıxıb. Belə ki, qəsəbənin Sadıqcan küçəsindəki şirniyyat mağazası, avtoyuma məntəqəsi və marketdə suyun talanması aşkar edilib.

Məlum olub ki, bu obyektlərin sayğacları olsa da, qeyri-qanuni xətlərdən istifadə olunub. Qəsəbənin Səməd Məsud küçəsində yerləşən restoranın sahibi isə texniki şərt və müqavilə olmadan şəbəkəyə özbaşına qoşularaq sudan qanunsuz istifadə edib. Obyektlərin su təchizatı dərhal dayandırılıb və akt tərtib edilərək dəymiş ziyan hesablanıb. Bundan əlavə, Həsən Əliyev küçəsində makler tərəfindən tikilən 5 fərdi yaşayış evinin hər birinin içməli suyu olsa da, onların sudan uçotsuz istifadə etdiyi üzə çıxıb. İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına və ciddi su itkilərinə səbəb olur. Belə hallar həmin ərazidə yaşayan digər sakinlərin su təchizatında da ciddi problemlər yaradır.

Bu ilin I yarısında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 4 713, Sabunçu rayonu üzrə isə 774 fakt aşkarlanıb. Həmin hallar üzrə müvafiq olaraq 1 milyon 226 min və 242 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Hesabat dövründə sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

222222