"Bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır" - Deputat

 14:26 26.07.2022     324

“Azərbaycan Prezidenti yerli icra hakimiyyəti orqanlarına yeni başçılar təyin edərkən çox mühüm məsələlərə toxundu. Bunların bir qismi ölkəmizdə görülən işlər və onların gələcək inkişafımızla bağlı yaratdığı perspektivlərlə əlaqədar idisə, digər bir qismi bu islahatların keyfiyyətini təyin edəcək kadrlar və onların davaranışları ilə bağlı idi. Yəni institusional və struktural islahatlar yaxşı rəhbər kadrlarla dəstəklənmədikdə, kompleks islahatlardan və onların səmərəli nəticəsindən danışmaq olmur. Bu mənada yeni kadrlar qarşısında qoyulan tələblər olduqca mühüm idi”.

Bunu Redaktor.az-a Prezident İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi fikirləri şərh edən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat Prezidentin fikirlərinə əsasən bildirdi ki, məmurlar şəhid ailələri və qazilərə laqeyd yanaşmamalı, onlara lazımi qayğını göstərməlidirlər.  

“Prezidentin səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, məmurlar ilk növbədə şəhid ailələri və qazilərimizə maksimum diqqət ayırmalı, onları qayğı və himayə ilə əhatə etməlidirlər. Çünki tarixi qələbəmizin əldə olunması məhz onların xidmətidir. Bu istiqamətdə dövlət siyasətimizin doğru olduğu və vətəndaşlarımızı məmnun etdiyi hamıya bəllidir. Ancaq idarəetmədə bəzi rəhbər kadrların yerində olmaması dövlət siyasətimizə kölgə salır. Yeni kadrlar bunları nəzərə almalı, vətəndaşlarla birbaşa ünsiyyət qurmalı, problemləri onların özündən dinləməli, təşəbbüskar olmalı, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparmalıdırlar”,- H.Babaoğlu vurğulayıb.

Rayonlarda yeni iş yerlərinin açılması, sosial rifahın yaxşılaşdırılması ilə bağlı danışan millət vəkili qeyd edib ki, yerli İcra Hakimiyyəti başçıları yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsi üçün hərəkətə keçməlidirlər:

“Qoyulan  tələblərdən bir digəri isə rayonlarımızda olan iqtisadi potensialı real iqtisadi münasibətlərə çevirməklə yeni iş yerləri və rifah yaratmaqdan ibarət idi. Bunu üçün yerli və xarici sərmayənin rayonlarımıza gətirilməsində təşəbbüskar kimi yerli İcra Hakimiyyəti başçıları çıxış etməlidirlər. Yəni yeni məmur artıq özəl sərmayəyə şərik olan, yaxud ondan pay uman subyekt deyil, bilavasitə cazibədar təkliflərlə sərmayəni rayona gətirən rəhbər olmalıdır. Bu isə rayonlarımızda yeni iş yerlərinin açılması və regionlarımızın inkişafı üçün ciddi əsaslar yaradacaq. Əks mövqe tutanlar cəzalandırılacaq və hazırda ibrət üçün çoxlu belə nümunələr var. Ona görə də, Prezident İlham Əliyevin verdiyi tapşırıqlar və qoyduğu tələblər məmur obrazını kökündən dəyişən və idrəetmənin fəlsəfəsində yeni məntiqini yaradan tapşırıq və tələblər idi”.

H.Babaoğlunun sözlərinə görə, 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb.

“Hələ 2021-ci ildə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək 2021-2030-cu illərdə onların reallaşdırılması istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar vermişdi. 9 ay müddətində Nazirlər Kabineti 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun həyata keçirilməsi prinsiplərini müəyyən etməli idi. Hazırda Milli İnkişaf prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılıb.

Milli İnkişaf prioritetlərimiz müəyyənləşdirilərkən hər şeydən öncə bu günə qədər inkişafımızın yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıbdır. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıbdır. Prioritetlər isə özlüyündə olduqca strateji xarakter daşıyır. Eyni zamanda təkcə sosial–iqtisadi sahəni əhatə etmir. Çünki bu prioritetlərə dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyatla bərabər eyni zamanda inkuliziv və ədalətli cəmiyyət prinsipləri də daxildir. Yaxud innovativ texnologiyaların tətbiqi məsələləri ilə bərabər rəqabət qabiliyyətli insan resurslarının yetişdirilməsi, yaxud böyük qayıdışla bağlı müddəalar da daxildir. Yəni 2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir. Elə yeni kadr təyinatları və onların qarşısında müəyyənləşdirilən vəzifələr də milli inkişafımızın prioritetlərinə və onların realizə olunmasına hesablanmışdı”,- deputat deyib.

Xatırladaq ki, dünən Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına yeni icra başçısı təyin edib, onlarla görüşüb və tapşırıqlar verib. 

Nərmin Vüqarqızı