“Bolt” sərnişinlərin cibinə girir

 14:05 28.07.2022     454

Bir çox insan mənzil başına tələsdiyi və ya rahat, həm də əlçatan olduğu üçün taksi xidmətindən istifadə edir. Bu gün əlçatan və sürətli olması baxımından ən çox istifadə edilən taksi şirkətlərindən biri də “Bolt”dur. Şirkətlə bağlı sərnişinlərin şikayətləri bitib tükənmir.

Bu barədə Redaktor.az-a müraciət edən sərnişinlər bildirib ki, taksi sifariş verərkən təklif edilən qiymət, mənzil başına çatdıqdan sonra artırılır.

“Ötən gün Maştağadan Masazıra taksi sifariş etdim. “Bolt” tətbiqində gediş haqqı 9 manat 40 qəpik göstərirdi. Mənzil başına çatdıqda ödənişi sürücüyə verdim, o isə bildirdi ki, gediş haqqı az ödənilib. Təəccübləndim, tətbiqə daxil olduqda isə gördüm ki, həqiqətən də gediş haqqı 13 manat 22 qəpiyə qədədr artıb. Bu necə mümkün ola bilər, axı? Bəlkə mənim üstümdə heç o qədər pul yoxdur”,- şikayətçi bildirib.

"Bolt"dan istifadə edən digər sərnişin isə deyib ki, hava limanından dönərkən çamadanı olduğu üçün sürücü ondan əlavə ödəniş tələb edib.

“ “Bolt” ilə hava limanından Yasamal rayonuna taksi sifarişi verdim. Güzəştli qiymət 6.59 manat təşkil etməsinə baxmayaraq, sürücü pulu verərkən 9 manat çıxdı. Səbəbini soruşduqda isə “çamadanınız var” deyib gülünc bəhanə ilə əlavə 2.41 manat aldı”,- digər şikayətçi əlavə edib.

Məsələ ilə bağlı sorğumuza “Bolt”un  Azərbaycandakı mətbuat xidmətinin təmsilçisi Alesya Stokovskaya dedi ki, gedişin qiyməti baza tarifinə və səyahət vaxtına əsasən formalaşır.

“Baza tarifi, səyahət vaxtına görə gediş haqqı dəyişə bilər. Proqrama daxil olduqda, səfərin təxmini dəyərini görmək olur. Amma avtomobilin gecikməsi, tıxaca düşməsi səbəbi ilə son qiymət fərqli ola bilər və ya, məsələn, istifadəçi alternativ marşrut təklif edib, səfər zamanı təyinat yerini dəyişib.

Sürücü marşrutu sərnişin ilə təsdiq etmədən dəyişibsə, gələcəkdə belə halların qarşısını almaq üçün onu müştəri dəstək komandası ilə proqramda paylaşmağı tövsiyə edirik”, - deyə qurum rəsmisi qeyd edib.

Görünür, Estoniyadan gəlib Bakıda insanların cibini soymaqla məşğul olan "Bolt" şirkəti bunun üçün kiməsə cavab verməyəcəyinə görə rahatdır.

Ona görə də, vətəndaşlarımız taksi sifariş verərkən bir daha düşünsünlər.

Nərmin Vüqarqızı

2