AZAL qaytarılan biletlərin pulunu geri ödəmir? - AÇIQLAMA

Azərbaycan Hava Yollarından (AZAL) alınan biletlərin qaytarılması zamanı bir sıra problemlər yaşanıb.
Bu barədə Redaktor.az-a «Həmrəy» Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin (HGİB) sədri Çingiz Özgür məlumat verib.
O bildirib ki, iyun ayının 17-də Bakı-Naxçıvan reysi üçün iki ədəd təyyarə biletini AZAL-ın Nizami küçəsində yerləşən kassasına qaytardığı halda biletlər üçün ödənilən məbləğ ona qaytarılmayıb.
“Biri 50, digəri 40 manat olan biletlərdən 10% tutulduqdan sonra, 81 manat pul mənə geri qaytarılmalı idi. Biletlərin ödənişini kartla etdiyim üçün, bu pulun 33 gün ərzində kartıma geri qaytarılacağı deyildi. Halbuki, alarkən bu xəbərdarlıq edilməyib. Başqa çarə olmadığını bildiyim üçün, dedim gözləyim, eybi yox...
Bu gün mənim biletləri qaytardığım tarixdən düz 41 gün keçir. Hətta “33 iş günü” də bitib...
Təbii ki, mən tək deyiləm, onlarla adam bileti kartla və ya onlayn alır. Bəs niyə dərhal ödədiyimiz pul bu qədər saxlanılır. Belə görünür ki, hətta geri qaytarılmır”,- o qeyd edib.
Şikayət ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski bildirdi ki, bu barədə araşadırma aparılıb.
“Araşdırma nəticəsində məlum olub ki, 21.06.2022 tarixində qurumun hesabından Ç. Özgürün hesabına məbləğ geri qaytarılıb. Lakin bu proses bizdən asılı olmayan səbəbə görə gecikə bilər və 33 gün müddətində balansa köçürülə bilər”,- deyə o, qeyd etdi.
O əlavə etdi ki, bu barədə AZAL-ın arayışını da verə bilər:
“AZAL-dan Çingiz Özgürün hesabına məbləğin geri qaytarılması haqqında arayış təqdim edə bilərik. Bu məsələ ilə bağlı kartını istifadə etdiyi bankla maraqlanmağını xahiş edirik”.
Nərmin Vüqarqızı